Müasir İncəsənət Muzeyində “Rənglərin sirri” adlı sərgi açılıb - FOTO
    • 29-09-2022, 01:10
    • 432

Müasir İncəsənət Muzeyində “Rənglərin sirri” adlı sərgi açılıb - FOTO

Sentyabrın 28-də Müasir İncəsənət Muzeyində tanınmış rəssam, UNESCO nəzdində Beynəlxalq İncəsənət Assosiasiyası, Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü Lətafət Məmmədovanın “Rənglərin sirri” adlı fərdi sərgisi açılıb.

News24.az Azərtac-a istinadla xəbər verir ki, sərgidə müəllifin 70-dək əl işləri, həmçinin şəxsi kolleksiyasında saxladığı rəssam Hafiz Məmmədovun bir neçə əsərləri təqdim olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Lətafət xanım xaricdə Azərbaycan incəsənətini layiqincə təmsil edən rəssamlardan biridir. O, dünyanın müxtəlif rəssamlıq simpoziumlarında iştirak edib və bir çox mükafatlara layiq görülüb. Türkiyəyə dəvət aldıqdan sonra Lətafət xanım İstanbulun müxtəlif sənət qurumlarında dərs deyib. Sonradan İstanbulun Yeşilköy səmtində öz sənət emalatxanasını yaradıb. 2018-ci ildə Türkiyənin “Onur” mükafatına layiq görülüb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva mədəniyyəti dünyanın ən gözəl sahələrindən biri adlandırıb: “Bu vaxtadək dünyanın bir çox ölkələrində oldum və hər zaman insanların öz ölkəsinin mədəniyyəti ilə fəxr etdiklərini gördüm. İncəsənət sahəsində qadın imzaları azdır. Buna görə də Lətafət Məmmədovanın bir qadın kimi Azərbaycanı təmsil etməsi qürurvericidir”.

Qeyd edib ki, müstəqillik dövründə ilk dəfə sərhədlər açılanda Türkiyəyə dəvət olunanlar Azərbaycanın ədəbiyyat və incəsənət nümayəndələri olub. Onlar da Azərbaycanı layiqincə təmsil ediblər.

Azərbaycan Rəssamlar Birliyinin sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirib ki, Lətafət Məmmədova 1954-cü ildə tanınmış azərbaycanlı rəssam Hafiz Məmmədovun ailəsində anadan olub. Atası ona bir müəllim kimi rəssamlığın bütün sirlərini öyrədib. Bu səbəbdən onun həyatda ən böyük müəllimi atasıdır. İndinin özündə belə emalatxanasında çalışarkən atasının ona öyrətdiyi texnikalardan istifadə edir.

Sonra Lətafət Məmmədovaya Mədəniyyət Nazirliyinin fəxri diplomu təqdim olunub.

Lətafət Məmmədova çıxış edərək Mədəniyyət Nazirliyinə, muzeyin rəhbərliyinə və sərgiyə toplaşanlara təşəkkürünü bildirib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi oktyabrın 5-dək davam edəcək.