“Kimsə Putini dayandırmalıdır, NÜVƏ SİLAHINI ATSA...” – ŞƏRH
    • 29-09-2022, 10:47
    • 735

“Kimsə Putini dayandırmalıdır, NÜVƏ SİLAHINI ATSA...” – ŞƏRH

“Rusiya prezidenti məntiqdən kənar çox addım atır. Ukraynaya qarşı başladılan işğalçı müharibəni nümunə deyə bilərik. Rusiyanın itkiləri böyükdür, amma geri çəkilmək istəmirlər. Bu, Rusiyanın yox, Putinin şəxsi müharibəsidir. Ona görə Rusiya səfərbərliklə bağlı ciddi çətinliklərlə üzləşib, rus gəncləri ölkəni tərk edir”.

Bunu News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.


O bildirib ki, Rusiya saxta referendumlarla Ukraynanı parçalamaq istəyir: “Xerson, Zaporojya, Luqansk və Donetski Rusiyaya birləşdirəcəklər. Daha sonra deyəcəklər ki, Ukrayna Rusiyanın ərazilərinə hücum edir. Halbuki Ukraynanın haqqı çatır ki, öz ərazilərini geri qaytarsın. Ukrayna həmin əraziləri geri qaytarmaq üçün hücuma keçdikdə Rusiya məsələni öz ərazilərinə hücum kimi dəyərləndirib, taktiki silahlardan istifadə edə bilər. ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri bu yaxınlarda açıq qeyd elədi ki, Rusiya nüvə silahında istifadə etsə, Rusiyaya da nüvə silahı atılacaq. Bu isə Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Putin Ukraynada taktiki nüvə silahında istifadə barədə düşünsə də, anlamalıdır ki, bu, yüzminlərlə insanın ölümü ilə nəticələnər. Eyni nəticə Rusiya üçün də keçərlidir. Putin artıq bütün təxribatlara əl atır. Bu məsələnin bir çıxış yolu var, kimsə Rusiya prezidentini dayandırmalıdır. Putini dayandıran olmasa, faciələrin miqyası artacaq”.