Bakı xanlarının evi yaxın gələcəkdə muzeyə çevriləcək
    • 5-01-2019, 15:35
    • 961

Bakı xanlarının evi yaxın gələcəkdə muzeyə çevriləcək

2018-ci il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üçün saysız-hesabsız mədəni-kütləvi tədbirlər, uğurlar və çoxsaylı mütərəqqi hadisələrlə yadda qalıb.

İdarədən bildirilib ki, qurum üçün böyük uğurlardan biri ötən ilin oktyabrın 23-24-də İdarə və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən birgə ərsəyə gətirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı ilk beynəlxalq elmi konfransın keçirilməsi olub.
Dünyanın 30 ölkəsindən 150 xarici qonağın iştirak etdiyi konfrans İslam dünyasında ən uzunömürlü hakimiyyət dövrünə sahib olan, 1000 il ərzində Azərbaycanın ən qüdrətli dövlətlərindən hesab edilən Şirvanşahlar dövlətinə həsr edilib. İlk dəfə bu zəngin tarixə, misilsiz maddi-mənəvi irsə sahib olan dövlət beynəlxalq səviyyədə tanıdılıb, onun simasında isə bütün Azərbaycanın qədim dövlətçilik ənənəsinə sahib ölkə olduğu diqqətə çatdırılıb. Konfransda Şirvanşahlar dövlətinin tarixi, memarlığı, etnoqrafiyası, ədəbiyyatı, numizmatikası, epiqrafikası və fəlsəfəsinə dair məruzələrlə çıxış edərək yeni və maraqlı mövzulara toxunulub. Konfrans çərçivəsində bir neçə əhəmiyyətli və böyük layihələr də ictimaiyyətə təqdim edilib. Onlara nümunə olaraq, “Şirvan şahları” adlı sənədli filmi, “Məhv olmuş, dağıdılmış abidələr və Şirvanşahlar taxtı” adlı maket müsabiqəsini, Gənc Alimlər Forumunu və “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgini göstərmək olar.
Konfrans zamanı “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi ilə Moldovanın Milli İncəsənət Muzeyi və Özbəkistanın Dövlət Teymurilər Tarixi Muzeyi arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.
Məlumat verilib ki, konfransın əsas vəzifəsi yüksək beynəlxalq səviyyədə Şirvanşahlar dövlətinin tarixinə dair yeni araşdırmaların aparılması, gənc tədqiqatçıların Şirvan və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsinə cəlb olunması və milli mədəni irsin təbliği istiqamətində fəaliyyəti genişləndirməkdir.
“Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi il ərzində həyata keçirilən ən müvəffəqiyyətli layihələrdən biri kimi yadda qalıb. Sərginin ekspozisiyası öz əhəmiyyətinə görə bənzərsiz olan Şirvanşahlar sülaləsinin 1000 illik hakimiyyət tarixi haqqında biliklərimizi genişləndirən əsas mənbələrdən biri olub. Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər sayəsində “canlanan” eksponatlar Şirvanşahlar Sarayı Kompleksində nümayiş edilir.
Dünyanın müxtəlif muzeylərində saxlanılan Şirvanşahlar dövlətinə aid milli mədəniyyət nümunələrinin müəyyən olunması istiqamətində alim və tarixçilər genişmiqyaslı iş aparmış və məlum olmuşdur ki, Şirvanşahlar irsinin bir hissəsi dünyanın nüfuzlu Viktoriya və Albert Muzeyi (London), Əsgəri Muzey (İstanbul), Topqapı Sarayı Muzeyi (İstanbul), məşhur Metropoliten Muzeyi (Nyu-York), İslam Mədəniyyəti Muzeyi (Berlin), Ermitaj Muzeyi (Sankt-Peterburq), Ərəb Dünyasının Tədqiqat İnstitutu Muzeyinin (Paris) kolleksiyalarında qorunur. Həmçinin bu tarixi dövrə məxsus dəyərli eksponatların bir qismi Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.
İdarənin dünyanın ən böyük muzeyləri ilə müvəffəqiyyətli danışıqları və məhsuldar əməkdaşlığı sayəsində ilk dəfə olaraq neçə əsrdən sonra nadir eksponatlar vətənimizə gətirilib. Belə ki, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi ilə Türkiyənin Əsgəri Muzeyi və Gürcüstan Milli Muzeyi arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Əsgəri Muzeyindən 6 ədəd, Gürcüstan Milli Muzeyindən isə 4 ədəd eksponat ölkəmizə gətirilərək Şirvanşahlar Sarayında sərgilənir. Sərginin açılışı ilə əlaqədar rəngarəng mövzularla zəngin “Şirvanşahlar irsi dünya muzeylərində" adlı kataloq da artıq nəşr edilib.
Sərginin ilk günlərində muzeydə ziyarətçilər üçün “Əsrlərin sədası” ansamblının qədim musiqilərin ifaları ilə zövqlərə oxşayan və ekspozisiyaya rəng qatan tədbir təşkil olunub. Bütün qonaqlar ziyarətlərindən olduqca razı qalıb, idarə üçün isə bu tədbir, həmçinin “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblına daha bir dəstək kimi əlamətdar olub. İdarə bu gözəl ansambla davamlı dəstəyini ötən ilin ən uğurlu layihələrindən hesab edir. Qurum tərəfindən ansambl üçün xüsusi geyimlərin, müvafiq çap məhsullarının istehsalı və digər məsələlərin həllində davamlı köməklik edilir.
Təbii olaraq, yarandığı dövrdən başlıca amalı İçərişəhərin qorunması, onun maddi-mənəvi dəyərlərinin mühafizəsi və təbliği olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən il tarixi və memarlıq abidələrinin bərpasına və restavrasiyasına da xüsusi diqqət ayırıb. İdarə İçərişəhərin bərpa və konservasiyası üzrə ərazidə aparılan işləri UNESCO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan”a əsasən həyata keçirir. Bundan əlavə, idarə bərpa və konservasiya işlərinin mükəmməl surətdə aparılması, həmçinin xarici təcrübənin öyrənilməsi məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə sıx əməkdaşlıq edib.
Bu baxımdan son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Bəylər məscidi, Cümə məscidi, Marionet teatrı, Qoşa Qala divarları, Dördbucaqlı qala, Hacı Banu hamamı və digər bu kimi dünya, ölkə və yerli əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri də aparılıb. İdarənin hər il yenilənən təmir və bərpa proqramına əsasən, Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.
Onların sırasında müstəsna dərəcədə əhəmiyyətli olan işlərə nümunə olaraq Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanlarında yerləşən, inşa tarixi XVII-XVIII əsrlərə aid edilən Bakı xanlarının evinin bərpasını və 2016-cı ildə arxeoloji qazıntılar zamanı aşkar edilən, Qala divarına bitişik yerləşən yeraltı hamamın konservasiyasını göstərmək olar. XVII əsrə məxsus hamam 1806-cı ildə rus qoşunlarının Bakıya daxil olmasından sonra baxımsız qalıb. Hazırda Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti bu abidəni həyata qaytarmaq yolunda bütün səylərini davam etdirir. Bakı şəhərinin tarixində əhəmiyyətli mövqeyi olan Bakı xanlarının evi də yaxın gələcəkdə əsaslı yenidənqurma işlərindən sonra muzeyə çevriləcək. Ümumilikdə, Bakı xanlarının evinin bərpası və ətrafının abadlaşdırılması işlərinin ərazisi 4500 kvadratmetr sahəni əhatə edir. 2018-ci ilin ortalarından başlanan abadlıq işləri çərçivəsində əvvəlcə əraziyə arxeoloji tədqiqat qrupu cəlb olunaraq elmi araşdırmalar aparılıb. Həmin bölgədə aşkar edilən ovdan və təndirin isə konservasiya edilməsi nəzərdə tutulur.
Müasir innovativ vasitələrin istifadə olunacağı yeni muzey isə Bakı tarixinin klassik orta əsrləri haqqında ziyarətçilərə dolğun informasiyalar verir. Kompleksə daxil olan 1 və 2 nömrəli binalar yeni yaradılacaq muzeyin əsasını təşkil edəcək. Burada geniş sərgi zalının və səciyyəvi orta əsr atmosferinin nümunəsinin yaradılması planlaşdırılır. Sərgi zalında interaktiv panellər vasitəsilə qonaqlar tarixi və mədəni məlumatlar ilə tanış ola biləcəklər. Rəngarəng ab-hava ziyarətçini orta əsrlərə apararaq onu fərqli mədəniyyətlər ilə tanış edəcək. Muzeyin əlamətdar xüsusiyyətlərindən biri Bakı tarixinin qısa metrajlı bədii film vasitəsilə bütün təfərrüatı ilə canlanması olacaq. Klassik orta əsrlərdə tarix, din, ticarət, mətbəx, məişət həyatı və ictimai həyatın al-əlvan cizgiləri xüsusi otaqlarda tamaşaçılara təqdim olunacaq. Qonaqların ölkəmizdən xoş xatirələrlə ayrılması, vətənlərinə yadigar olaraq Azərbaycanı xatırladan məhsul aparması üçün zəngin bir mağazanın da burada təşkili nəzərdə tutulub. İqamətgahı təşkil edən binaların restavrasiyası zamanı həyətyanı sahə də köklü surətdə abadlaşdırılacaq və İçərişəhər sakinlərinin və onun ziyarətçilərinin əvəzolunmaz istirahət guşəsinə - geniş bir parka çevriləcək.
Bununla yanaşı, İdarə Böyük Qala 3 və 5 ünvanlarında yerləşən yaşayış evlərinin qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, sakinlərin rahatlığı və təhlükəsizliyi üçün onları bu məntəqədən müvəqqəti olaraq köçürüb. Hazırda sözügedən binalar əsaslı təmir olunur, sakinlər isə müvəqqəti yaşayış yerləri ilə təmin olunub. Onların kirayə haqları dövlət tərəfindən ödənilir və yaşayış binalarının təmir işləri başa çatdıqdan sonra sakinlər yenidən öz evlərinə qayıdacaqlar.

//AZƏRTAC