O şagirdlərin eyni sinifdə qalması  TƏHLÜKƏLİDİR: Təhsil İdarəsi hadisəni YOLA VERDİ
    • 5-10-2022, 13:05
    • 278

O şagirdlərin eyni sinifdə qalması TƏHLÜKƏLİDİR: Təhsil İdarəsi hadisəni YOLA VERDİ

"Baş verən hadisəyə şagirdlərin münasibətindən görürük ki, bu, adi hal deyil. Artıq adət halını alan vəziyyətdir. Hətta sinifdəki qız şagirdlər belə buna adi yanaşırsa, deməli, bu hadisə birinci dəfə yaşanmır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) də hadisəyə mövqeyini bildirib. BŞTİ açıqlaması doğru mövqe deyil. Qurumların verdiyi açıqlamalar yola vermək, vaxtı uzatmaqdan başqa bir şey deyil. Açıqlamada deyirlər ki, şagirdlər barışdırılıb. Şagirdləri harada barışdırdılar? İctimai şuranın üzvlərinin gedib orada yalandan fırlanmaları ilə iş bitmir. Həmin şagirdlərin eyni sinifdə təhsillərini davam etdirməsi təhlükəlidir. Bununla bağlı BŞTİ-nin planı varmı? BŞTİ heç o məktəbə direktor təyin etməyib.  

Məktəbdə yenə gərgin vəziyyət qalır. Valideynlər narahatdır. Şagirdlərin həyatı açıq təhlükədir. Bununla bağlı rəsmi qurum heç bir addım atmayıb. Açıqlama verməklə məsələnin həll olduğunu düşünürlərsə, o qurum heç kimə lazım deyil. İstər Elm və Təhsil Nazirliyi, istərsə də Bakı Şəhər Təhsil İdarəsi tədrisin təşkili ilə düzgün məşğul ola bilmir". 

Bu sözləri News24.az saytına açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Ekspert qeyd edib ki, Bakı Şəhər Təhsil İdarəsinin vəzifəsi məktəblərdə psixoloji danışıqlar aparmaq və tədrisin təşkilini həyata keçirməkdir: "Amma məlum olur ki, bu şagirdlərlə ümumiyyətlə psixoloq işləməyib. Təhsil sisteminin planı olmalıdır. Məsuliyyət düzgün bölüşdürülməlidir. Məsuliyyəti üzərinə götürən kadr olmalıdır. Hamı məsuliyyətdən yayınır, kabinetini bağlayır, telefonunun söndürür, prosesdən kənarda qalır. Təkcə 2022-ci ilin  yanvarın 1-dən oktyabrın 5-nə qədər olan faktlara baxsaq, şagirdlər arasında zorakılıq, birinin digərini döyməsi, kəsici, deşici alətlərlə xəsarət yetirməsi barədə onlarla fakt var. Son 10 il ərzində bu qədər dəhşətli rəqəm olmayıb". 

Qumral Əliyeva