Azərbaycanda 270 xəstədən nümunə götürüldü - Nazirlik xəbərdarlıq etdi: maska taxın!
    • 5-01-2019, 18:00
    • 1 154

Azərbaycanda 270 xəstədən nümunə götürüldü - Nazirlik xəbərdarlıq etdi: maska taxın!

Builki payız-qış mövsümündə (2018-ci ilin oktyabrından indiyədək olan dövr) 270-dən çox xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyevanın sözlərinə görə, aparılan müayinələr zamanı yalnız 1 nəfərdə mövsümi qrip virusu (B qripi) aşkarlanıb: "Bu da mövsümi respirator virusdur. Nümunələrdə pandemik qrip virusları aşkarlanmayıb".

Direktor müavini hazırda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsində artım müşahidə edilmədiyini də söyləyib:

"Ölkədə nfeksion xəstəliklərlə bağlı vəziyyət tam sabitdir. Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir. Ağır gedişli kəskin respirator virusa yoluxmalar olarsa, laborator müayinələr üçün nümunələr götürülür və Taun Əleyhinə Stansiyaya verilir. Digər ölkələrdə qrip virusunun olmasına baxmayaraq, Azərbaycanda hələ ki yoxdur".

A.Əlyeva qeyd edib ki, Gürcüstanda "donuz qripi"nə yoluxma halları qeydə alınsa da, virusa yoluxma "alovlanma" səviyyəsində deyil.

RGEM rəsmisi əlavə edib ki, Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir.

A.Əliyeva insanların özlərini viruslardan qoruması üçün bəzi qaydalara riayət etməsini də tövsiyə edib:

"İnsanlar çalışmalıdılar ki, kütləvi yerlərdən uzaq olsunlar, steril maskalardan istifadə etsinlər, xəstə insanlarla təmasda olmasınlar. Xəstə insanlar evdə qalmalı, həkim təyinatı ilə müalicə edilməlidirlər".

Mütəxəssis bunu da qeyd edib ki, hava-damcı infeksiyalarının mövsümü olduğundan RGEM-in yerli şöbələri tərəfindən məktəblərdə də dezinfeksiya tədbirləri vaxtaşırı aparılır. Eyni zamanda, məktəblərdə təmizliklə məşğul olan şəxslər də dezinfeksiyaedici maddələrdən istifadə edərək nəm üsulla təmizlik işləri aparırlar.

//TrendAz