Bakupost.az-ın 6 YAŞI tamam olur
    • 17-10-2022, 17:27
    • 331

Bakupost.az-ın 6 YAŞI tamam olur

Bu gün Azərbaycanın media məkanında özünəməxsus yer tutan, tanınmış Bakupost.az xəbər portalının 6 yaşı tamam olur. 

Sayt fəaliyyətə başladığı ilk gündən oxucuları obyektiv və operativ xəbərlərlə təmin etməyi prioritet götürüb. Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar və müəllif yazıları işıqlandırılır.

Biz də qərara aldıq ki, həmkarlarımızın təəssüratlarını oxucularla bölüşməsi üçün saytın baş redaktoru Zahid Nurəliyevlə həmsöhbət olaq.

O, əvvəlcə saytın prinsiplərindən söz açıb: “Bakupost.az 2016-cı ildən etibarən fəaliyyət göstərsə də, mövcud sayt bolluğunda fərqləndiyini və media məkanında öz möhürünü vurduğunu rahatlıqla deyə bilərik. Oxucular adətən xəbər portallarının bir-birinə bənzəməsindən şikayətlənirlər. Ancaq etiraf etmək lazımdır ki, Bakupost.az-ın özəl informasiya çıxışı olduğu üçün klişe media mühitinə rəng qatmağı bacarıb və eksklüziv xəbər mənbəyinə çevrilib. Bu səbəbdən də xəbərlərimiz tez-tez axtarılır və istinad olunur. Təvazökarlıqdan azca uzaqlaşsaq, bunun özü bir uğurdur”. 

Baş redaktor qeyd edib ki, Bakupost.az Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərindən biridir: “Bu dəstək bizim imkanlarımızı daha da genişləndirir. Oxucularımız üçün gündəlik ən az 20 özəl xəbər təqdim edirik”. 

Zahid Nurəliyev komandanın böyümək imkanlarından da danışıb: “Gənc və istedadlı heyətimiz var. Ancaq operativliyi təmin etmək üçün kollektivi artırmağı düşünürük. Ümid edirik ki, qarşıdakı dönəmdə buna nail olacağıq və oxucularımıza daha keyfiyyətli xəbərlər təqdim edəcəyik”.

News24.az kollektivi olaraq həmkarlarımızı Azərbaycanın media məkanına qatılmalarının 6 illiyi münasibətilə təbrik edir və hər zaman parlamalarını arzulayırıq!