Azərbaycan səfirliyi vətəndaşlara müraciət etdi
    • 3-11-2022, 00:10
    • 218

Azərbaycan səfirliyi vətəndaşlara müraciət etdi

Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynadakı mövcud durumla bağlı vətəndaşlara müraciət edib.

News24.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.

“Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 saylı 18 oktyabr 2022-ci il tarixli Qərarı ilə əlaqədar səfirliyin konsulluq şöbəsinin iş qrafikində keçici dəyişiklik edilmişdir. Konsulluq qəbulu 6, 7, 8 noyabr 2022-ci il tarixlərində bağlı olacaq, 5 və 9 noyabr 2022-ci il tarixlərində qəbul aparılacaq. Qəbul saatları dəyişməz olaraq qalır. Təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda 0994089943 və 0735050000 telefon nömrələri ilə əlaqə saxlanmasını xahiş edirik.

Hava həyəcanı xəbərdarlığı zamanı müraciətçilərin təhlükəsizliyi üçün konsulluq qəbulunun dayandırılacağı barədə 11 oktyabr 2022-ci il tarixində verilmiş elanın bir sıra vətəndaşlarımız, o cümlədən bəzi KİV tərəfindən konsulluq xidmətinin və hətta səfirliyin ümumiyyətlə fəaliyyətini dayandırdığı kimi yanlış anlaşıldığını, bununla bağlı sualların hələ də daxil olduğunu nəzərə alaraq növbəti izahı diqqətə çatdırmaq istərdik. Hava həyəcanı xəbərdarlığı yaşayış məntəqəsinin hava zərbələrinə məruz qala biləcəyi riski barədə verilən xəbərdarlıqdır və bu zaman sakinlərin öz təhlükəsizlikləri üçün sığınacaqlara getmələri tövsiyə olunur. Məlum olduğu kimi həyəcan müddətində müəssisələr və ictimai iaşə obyektləri ziyarətçilərin qəbulunu dayandırır və hava həyəcanı xəbərdarlığı bitdikdən sonra işini bərpa edir. 10 oktyabr 2022-ci il tarixindən paytaxt Kiyevin hava zərbələrinə daha intensiv məruz qaldığını nəzərə alaraq konsulluq qəbulunun Kiyevdə hava həyəcanı xəbərdarlığı verilən müddətə dayandırılması barədə məcbur qərar qəbul edilmişdir. Hava həyəcanı olmayan müddətdə konsulluq qəbulu elan edilmiş qrafik üzrə işini davam etdirir (iş günləri saat 10:00-dan 13:00-dək müraciətlərin qəbulu, 15:00-dan 17:00-dək hazır sənədlərin verilməsi).

Təxliyə dalğası zamanı Ukraynada qalmağa, yaxud təxliyə olunduqdan sonra geri qayıtmağa üstünlük vermiş vətəndaşlarımızdan olduqları yer üzrə hava həyəcanı xəbərdarlığı zamanı diqqətli olmağı, sığınacaqda və ya nisbətən təhlükəsiz yerdə daldalanmağı, dövlət orqanlarının tələblərinə və tövsiyələrinə riayət etməyi, səyahət sənədlərini qaydaya salmağı, Ukraynaya gəlməyi planlaşdıran vətəndaşlarımızdan isə fövqəladə ciddi səbəb olmadığı halda səfəri daha münasib zamana təxirə salmağı təkrar xahiş edirik.

Həmçinin səfirliyin müəyyən müddətdə Ukraynadan təxliyə olunduğu barədə qeyri-dəqiq məlumatlarla bağlı qeyd etmək istərdik ki, səfirlik hər hansı zamanda bağlanmamış və ya Ukraynadan təxliyə olunmamışdır. Döyüşlərin paytaxt Kiyevə keçmə riski səbəbindən ən son diplomatik nümayəndəliklərdən biri olaraq səfirlik 8 mart 2022-ci il tarixindən müvəqqəti Lviv şəhərinə köçürülmüş, 28 aprel 2022-ci il tarixindən Kiyevə dönərək fəaliyyətini davam etdirmişdir. Konsulluq xidməti 24.02.2022 tarixindən 31.07.2022 tarixinədək həftənin hər günü, 01.08.2022 tarixindən isə rəsmi iş günlərində fəaliyyət göstərir.

Konsulluq şöbəsinin xidmətlərindən faydalanmaqda vətəndaşlarımıza kənar şəxslər tərəfindən maddi maraq qarşılığında köməklik təklif edilməsi cəhdlərinin aşkar olunması səbəbindən xəbərdar etmək istəyirik ki, konsulluq qəbulu yalnız səlahiyyətli əməkdaş tərəfindən aparılır və hər hansı kənar şəxslərə bununla bağlı səlahiyyət verilməmişdir. Konsulluq şöbəsinin mövcud şəraitdə göstərə bildiyi xidmətlər üçün Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş rüsumlar yalnız bank hesabına ödəniş edilməklə tutulur (nağd ödənişlərə yol verilmir). Azərbaycan Hökumətinin qərarına uyğun olaraq Ukraynadan təxliyə olunan Azərbaycan Respublikası vətəndaşları ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə 3 mart 2022-ci il tarixindən etibarən yuxarıda qeyd olunan Qanunun 16.1.2. bəndində nəzərdə tutulmuş 10 ABŞ dolları məbləğində rüsumdan azad edilmişdirlər (sənəd ödənişsiz rəsmiləşdirilir). Səfirlik maddi maraq qarşılığında heç kimdən heç bir halda köməklik təklifi qəbul etməməyi, belə hallar olduqda [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat verilməsini xahiş edir”, - məlumatda bildirilib.