Dilarə Kazımova: "Geylər mənə yaxınlaşıb, gözəl göründüyümü deyirdilər" - FOTO
    • 11-01-2019, 12:35
    • 4 979

Dilarə Kazımova: "Geylər mənə yaxınlaşıb, gözəl göründüyümü deyirdilər" - FOTO

Son vaxtların populyar müğənnisi Dilarə Kazımova yerli onlayn jurnalların birinə müsahibə verib.

Sözügedən müsahibəni ixtisarla təqdim edirik.

Bu yaxınlarda sizin debüt albomunuz çıxdı və bu albomda biz yeni Dilarə ilə tanış olduq. Tamaşaçılar bu yeniliyi necə qarşıladı?
 
Bəli, albomu o baxımdan debüt saymaq olar ki, o, mənim ən müxtəlif emosiyalarımı çatdırır. Hazırda nə hiss etdiyimi, həyatımın indiki dövrünü. Tamaşaçıların əksəriyyətini deyə bilmərəm, lakin mənə hələ də ən gözəl, ən qlobal, irimiqyaslı rəylər göndərilməkdədir. Çünki mahnılar xaricdə çox məhşurlaşır və bu məni sevindirir. Xarici dinləyicilərin bunu qəbul etməsi göstərir ki, tamaşaçılar alboma çox yaxşı münasibət göstərdi. Avroviziyadan sonra çoxları düşünürdü ki, mən albom çıxaracam, ya yox. Ola bilsin, o, hamının gözlədiyi kimi olmadı. Çünki albom – necə deyərlər, xarakterlidir, fərqlidir. 


Sizi rok ifaçılığından caz və daha sonra experimental musiqi janrına keçməyə nə vadar etdi? Hansını özünüzə daha yaxın hesab edirsiniz?

Öncədən deyim ki, mən  heç vaxt caz ifa etməmişəm. Baxmayaraq ki, çox zaman bu janrı mənə aid edirlər. Çünki mən caz oxumağı bacarmıram. Bu istiqamət çox fərqlidir və onun üzərində kifayət qədər uzun müddət işləmək lazımdır. Eynilə də rok-janrının və s. Mənim musiqimi çətin ki, eksperimental adlandırmaq olar. Orada eksperimental məqamlar var, lakin daha çox indi və ya pop-roka yaxındır. Və mən onu özümə çox yaxın hesab edirəm, çünki orada həm rok-n-roll, həm də pop-musiqinin əks-sədaları hiss olunur. 


Belə təəssürat yaranır ki, Dilarə əsasən Azərbaycan və Ukrayna üçün çalışır. Bu belədirmi? Və sizi Ukraynaya nə bağlayır?

Azərbaycan üçün çalışmağa hələ başlamamışam, çünki albomum bütünlüklə ingilis dilindədir. Azərbaycan üçün bir qədər sonra çalışmağa başlayacam. Musiqim Azərbaycan dilində və olduqca maraqlı olacaq. Sadəcə indi seçdiyim məzmundan kənara çıxmamaq, eyni üslubda yaratmaq istəyirəm. Bizdə bu bir az çətindir, odur ki, daha çox vaxt aparacaq, lakin mən buna mütləq qayıdacam. Alınmağa başlayanda isə mütləq albom buraxılacaq. İndi isə Ukraynada çox yaxşı qarşılanmağım məni çox sevindirir, orada çoxlu dostlarım var. Çox vaxt mənim çıxışlarım məhz Ukrayna ilə bağlıdır, amma son zamanlar xaricdəngözəl təpki alırıq və yavaş-yavaş o istiqamətdə irəliləyirik. Necə deyərlər, slowly, but surely.


Ölkəmizdə eksperimental musiqiçi olmaq nə deməkdir?

Yenə də qeyd edim ki, musiqimin eksperimental olduğunu deyə bilmərəm, lakin onu deyə bilərəm ki, indi ifa etdiyim musiqini Azərbaycan tamaşaçılarının qəbul etməsi bir qədər çətindir. Çünki o, ingilis dilindədir. Amma mən xeyli insan tanıyıram ki, mənim “Running” adlı mahnımı radioda eşidəndə azərbaycanlı sənətçi olduğumu bilib çox təəccüblənmişdilər. Sözün açığı, bu, mənim xoşuma gəlir. İnsanların azərbaycanlı müğənni olmağıma inanmamaqları çox gözəldir. Düşünürəm ki, bu, böyük irəliləyişdir və mən buna şadam. 


"Unformal" və "Milk and Kisses" qrupları yaradıcılığınızda hansı nöqtədədir? 

"Unformal" və "Milk and Kisses" qrupları həyatımda çox önəmli bir mərhələdir. Üstəlik böyük bir məktəbdir: həm “Unformal”, həm də “Milk and Kisses”. Həyatımın heç vaxt unutmayacağım böyük bir kəsiyidir. Çünki onlar mənim təcrübəmdir. 


İkinci dəfə Avroviziya mahnı yarışmasında iştirak etmək istəyərdinizmi?

Düşünürəm ki, musiqi yarışmalarına artıq son vermişəm, çünki beşdən çox müsabiqədə iştirak etmişəm. Odur ki, artıq öz musiqimi ifa etmək istəyirəm. İstəyirəm ki, insanlar mənim mətnlərimi oxusunlar, mənim istədiyim mahnıları ifa etsinlər. Çünki artıq öz sözümü demək istəyirəm. İkinci dəfə iştirak barədə fikirləşməmişəm. Hətta bu cür təkliflər olsa belə, bunu komandamla birlikdə diqqətlə nəzərdən keçirəcəyik.


Avroviziya zamanı digər iştirakçılarla çox mehriban və səmimi idiniz. Hazırda ünsiyyət saxladığınız ölkə təmsilçisi varmı?

Digər iştirakçılarla ünsiyyət saxlamıram. Belə demək mümkünsə, hər zaman alınmır. Lakin bu mənim həyatımın müəyyən bir hissəsi idi və çox möhtəşəm idi. Təcrübələrimizi paylaşmaq olduqca maraqlı idi. Onu deyə bilərəm ki, Bakıda keçirilən seçim turlarından, düz 2010-cu ildən bu yana Ülviyyə Rəhimova kimi yaxın rəfiqə qazandım.


Bildiyimiz kimi, Avroviziya Avropada ən çox gey auditoriyası olan mahnı müsabiqəsidir. Bunu orada hiss edə bilirdinizmi?

Bəli, mən hiss edirdim ki, müsabiqənin gey-auditoriyası böyükdür. Bunu görməmək qeyri-mümkün idi. Müsahibə götürənlər və s. gey-audotoriyanın faizi yüksək idi və mən orada bunu yaxşı hiss edirdim. Onlar hətta yaxınlaşıb mənə necə gözəl göründüyümü, qəşəng libasımın və ya ayaqqabılarımın olduğunu deyirdilər. Yəni onlar hansısa xırda şeylərə diqqət edirdilər və mənə çox xoş təsir bağışlayırdı. 


Sizi eyni zamanda heyvansevər biri kimi tanıyırıq. Ev heyvanınız varmı? 

Bəli, ev heyvanlarım var. Pişiyim və itim. Pişiyim təəssüf ki, bu yaxınlarda qocalıqdan vəfat etdi. Lakin mən itləri çox sevirəm və imkan olduqca onları daha çox yanımda saxlamaq və onlara kömək etmək istəyirəm. Çünki heyvanlar ən səmimi, ən sevimli canlılardır. Hətta deyərdim ki, indiki zamanda insanlardan daha insaniyyətlidirlər. 

//MinorityazeOrg