Bakıda Özbəkistan Kinosu Günləri təşkil olunub - FOTO

Bakıda Özbəkistan Kinosu Günləri təşkil olunub - FOTO
MƏDƏNİYYƏT

7-12-2022, 22:25

Mətn ölçüsü

Dekabrın 7-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, Özbəkistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Özbəkistan Kinosu Günlərinin açılışı olub.

News24.az xəbər verir ki, əvvəlcə kinoşünas, ssenarist, Əməkdar incəsənət xadimi Ayaz Salayev və Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ölkəmizdə Özbəkistan Kinosu Günlərinin təşkil olunmasının əhəmiyyətindən söz açıblar. Qeyd ediblər ki, Azərbaycanla Özbəkistan kinosu arasında hər zaman bağlılıq, birlik və müştərək əməkdaşlıq olub: "Azərbaycanla Özbəkistan arasında nəinki sənət mübadiləsi, həmçinin tarixən dostluq və qardaşlıq münasibətləri olub. Biz mədəniyyət, kino sahəsində birlik, əməkdaşlıq baxımından çox gözəl zamanda yaşayırıq. Hələ qarşıda bizi yeni layihələr gözləyir və bunun da sayəsində iki yaxın, dost dövlət olaraq bir-birimizi daha da kəşf etmək imkanımız olacaq. Özbək kinematoqrafiyası Şərq kinosunda, ümumiyyətlə, keçmiş postsovet məkanında müstəsna xidmətləri olan kinematoqrafiyadır. Bu gün Azərbaycan Dövlət Film Fondunda 50 özbək filmi kino lentində qorunub saxlanılır".

Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycanda kino ilə bağlı bu cür görüşlərin, tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, son 2 il ərzində keçirilən Daşkənd Beynəlxalq Film Festivalında Azərbaycan kinematoqrafçıları da böyük şövqlə iştirak ediblər. Diqqətə çatdırılıb ki, builki festivalda Azərbaycan Kino Günləri çərçivəsində bir neçə film də nümayiş olunub.

Tədbirin davamında Özbəkistandan ölkəmizə gələn incəsənət xadimləri və kinematoqrafçılar belə bir tədbir çərçivəsində Azərbaycanda olduqlarından məmnunluqlarını ifadə ediblər və iki dost ölkə arasında olan sənət mübadiləsindən söz açıblar.

Sonda “Əbədi dostluq və qardaşlıq” filmi nümayiş etdirilib.

Qeyd edək ki, dekabrın 8-də “Maksud Şeyxzoda” və “Reys 101” filmlərinin, eyni zamanda dekabrın 9-da “Baron 2” və “Qadın taleyi” adlı ekran əsərlərinin nümayişi də gözlənilir.