Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə Mexanizminin yaradılması müzakirə edilib
    • 21-12-2022, 19:43
    • 327

Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə Mexanizminin yaradılması müzakirə edilib

Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmi yaradıla bilər.

News24.az
xəbər verir ki, bu məsələ Türkiyə Respublikasının Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə müzakirə edilib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Zirvə görüşündə iştirak edib.

Tədbirdə çıxış edən nazir türk dövlətləri liderlərinin siyasi iradəsi və əvəzsiz səyləri ilə ölkələrimiz arasında yaranan sıx inteqrasiya proseslərinin müxtəlif istiqamətlər üzrə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirdiyini, türk dünyasının birliyini və gücünü artırdığını vurğulayıb.

Təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə üzrə ölkəmizdə görülən işlər barədə ətraflı məlumat verən K.Heydərov Zirvə görüşünün fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində təşkilata üzv ölkələrin birgə səylərinin müzakirəsi, o cümlədən bu sahədə əldə olunmuş ən yaxşı təcrübələrin nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaratdığını qeyd edib. Nazir Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsini təklif edib.

Zirvə görüşündə TDT-yə üzv ölkələrdə təbii fəlakətlərlə bağlı vəziyyət və milli təbii fəlakətlərin idarəetmə sistemləri haqqında təqdimatlar dinlənilib, fövqəladə halların idarə edilməsi üzrə müxtəlif məsələlər, o cümlədən Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə Mexanizminin yaradılmasına dair müzakirələr aparılıb.

Tədbir çərçivəsində Zirvə görüşünün iştirakçıları Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Mərkəzinə və AFAD Ankara Müdiriyyəti İdarəsinə səfər edərək, onların fəaliyyəti ilə yerində tanış olublar.