10 hakimin səlahiyyətlərinə xitam verilib
    • 28-12-2022, 20:26
    • 200

10 hakimin səlahiyyətlərinə xitam verilib

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidenti cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mühüm “yol xəritəsi” olmaqla işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirir.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, Fərmanın icrası ilə bağlı məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, məhkəmə icraatında çevikliyin və şəffaflığın təmin edilməsi üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Özəl ekspertiza və mediasiya kimi yeni institutların təsbiti, məhkəmə İnfrastrukturunun müasirləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə əlavə mexanizmlərin yaradılması xüsusi əhəmiyyət kəsb edib.

Bu sahədə qarşıda duran vəzifələrin icrası məqsədilə son illər məhkəmə sistemində mühüm kadr islahatları aparılıb, hakim kadrlarından səmərəli istifadə edilməsi üzrə müvafiq tədbirlər görülüb.

Belə ki, təkcə son dövrlər Ali Məhkəməyə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 25 yeni hakim təyinatı aparılmaqla onun tərkibi 60% təzələnib, məhkəmənin bütün kollegiya sədrləri dəyişdirilib. Həmçinin, apellyasiya məhkəmələrinin bütün sədrləri və kollegiya sədrləri dəyişməklə, yeni, daha hazırlıqlı kadrlarla möhkəmləndirilib. Bu məhkəmələrin hakim korpusunun yarıdan çoxu təzələnib. Fəaliyyətini yeni çağırışlara uyğun qura bilməyən 15-dək hakim qeyd edilən məhkəmələrdən aşağı işə keçirilib.

Hakimlərin məsuliyyət hissinin artırılması məsələləri də daim diqqətdə saxlanılıb, hakim adına layiq olmayan şəxslər bu sistemdən kənarlaşdırılıb. Dövlət başçısının qeyd edilən fərmanının icrası çərçivəsində qəbul edilmiş hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni şəffaf Qaydaları bu sahədə səmərəli mexanizm rolu oynayıb. Ötən dövrdə bu Qaydalar əsasında 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib və işində peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətləri xitam edilib, 20 nəfərə fəaliyyətində dönüş yaratması üçün vaxt verilib.

Apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə bağlı müavafiq təyinatların aparılmasına dair ölkə Prezidentinin 28 dekabr 2022-ci il tarixli Sərəncamı kadr islahatlarında mühüm mərhələ olmuşdur.

Həmin Sərəncam 70-dək hakimi əhatə etmiş, apellyasiya məhkəmələrində vakant olan 3 sədr müavini və 5 kollegiya sədri vəzifələri yüksək hazırlığa, təşkilatçılıq qabiliyyətinə və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilmişdir.

Həmçinin, birinci instansiya məhkəmələri sədrlərinin və digər hakimlərin fəaliyyətinin yeni Qaydalara uyğun prinsipial qiymətləndirilməsi nəticəsində 50 məhkəmə sədri vəzifəsi üzrə təyinat aparılmış, uzun müddət eyni bölgədə işləyən məhkəmə sədrləri rotasiya edilmiş, habelə 20 nəfər, o cümlədən yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər ilk dəfə məhkəmə sədri vəzifəsinə irəli çəkilmişlər. /Trend/