İşçilərin həyatına niyə dəyər verilmir?- Sağlamlığımızı belə qoruyaq
    • 29-12-2022, 16:42
    • 260

İşçilərin həyatına niyə dəyər verilmir?- Sağlamlığımızı belə qoruyaq

Xəbər verdiyimiz kimi, bu gün Bakıda xadimə elektrik ətqarışdırıcı qurğunun içində qalıb. Belə ki, qadın qurğunu təmizləyərkən ətqarışdırıcı qurğu qəfil hərəkətə başlayıb. Nəticədə qadın qurğunun hissələrinin arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Bəs, bu kimi hallar hansı səbəbdən baş verir? Təhlükəsizliyimizi necə təmin etməliyik?

Bu kimi suallar və mövzu ilə bağlı düşüncələrini öyrənmək üçün təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev ilə əlaqə saxladıq. 

Ekspert News24.az-a açıqlamasında bildirib ki, işçilər gördükləri işin təhlükəsiz olduğundan əmin olmalıdır: "İstehsal müəssisələrində təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Gördüyü işdən asılı olmayaraq, bütün işçilərin həyat və sağlamlığı üçün təhlükə olmamalıdır. Əgər işçi o işi görərkən həyat və sağlamlığını təhlükə altında hiss edirsə, işi görməkdən imtina edə bilər. Bunun üçün nə qanunvericilikdə, nə də müəssisə daxili qaydalarda hər hansı cəza verilmir".

Ekspert əlavə edib ki, istehsal müəssisələrində başlıca problem işçilərin öncədən işin təhlükəsi barədə məlumatlandırılmamasıdır: "İşçi işi görməyə başladıqdan sonra müəyyən olunur ki, hansı təhlükələri var. İşçiyə yeni bir iş, yaxud yeni avadanlıqla işləmək tapşırılarsa, o, iş və avadanlıq barədə məlumatlandırlmalı, sonra isə işə başlamalıdır. Eyni zamanda avadanlıqlar da mütəmadi texniki baxışdan keçməlidir. İşçilərin avadanlıqla işləməyə dair buraxılış vərəqələrinin olması vacibdir".

Qumral Əliyeva