Evdən meyiti tapılan 4 nəfər dəm qazından BOĞULMAYIB – “Azəriqaz”dan AÇIQLAMA
    • 10-01-2023, 16:43
    • 401

Evdən meyiti tapılan 4 nəfər dəm qazından BOĞULMAYIB – “Azəriqaz”dan AÇIQLAMA

5 gün əvvəl Bakıda evdən meyitləri tapılan 4 nəfərin konkret nədən öldükləri hələki məlum deyil. Kirayə qalan şəxslərin dəm qazından boğulduqları ehtimal edilir və məsələ ilə bağlı Nərimanov rayon Prokurorluğunda hələki araşdırma davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyi ölən şəxslərin dəm qazından boğulub-boğulmadıqları barədə sözügedən mənzildə ilkin araşdırma aparıb.

 Qurumun şöbə rəisi İlkin Behbudov bildirib ki, 4 nəfərin ölü tapıldığı mənzilin qaz sayğacı bloklu vəziyyətdə olub.

Ona görə onların dəm qazından boğulma ehtimalı aşağı səviyyədədir:

“Smart tipli sayğacın üzərinə baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə, yəni qurğudan qaz keçmədiyi məlum olub. Həmin hadisədə dəm qazı ehtimalı reallığa oxşamır. Amma bu məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılandan sonra qərar qəbul olunacaq. İlkin olaraq dəm qazından boğulma ehtimalı görünmür.

Dekabrın sonundan sayğacda qaz limiti bitdiyinə görə bloklanıb. Mənzil daxilinə isə baxış keçirməyə müvafiq dövlət qurumları tərəfindən şərait yaradılmayıb. 4 nəfərin boğulması onu göstərir ki, bina evi olduğuna görə mənzilin daxilində hər hansı qaz cihazı da olmayıb. Təbii ki, yenə də araşdırma tələb edən bir məsələdir”. 

Xatırladaq ki, hadisə yanvarın 5-də paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib.

Yanvarın 1-dən 5-nə qədər kirayəşinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib.

Vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib. /Bizim.Media/