20 Yanvar metrosunun adını verən şəxs: “33 ildir o görüntünü unutmuram...”
    • 20-01-2023, 14:29
    • 1 334

20 Yanvar metrosunun adını verən şəxs: “33 ildir o görüntünü unutmuram...”

“Mən 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə metroda təlimatçı maşinist idim. Bizə əvvəlcədən xəbər verilmişdi ki, gecə sovet qoşunları şəhərə girəcək. Saat 23:00-da evə getmək istəyən əməkdaşlara dedim ki, evdən yemək gətirib geri qayıdın. Metronu işlətmək üçün isə maşinistləri evlərindən çağırdım. Onlar Ramiq və Ənvər idi. Saat 12:00-da gördük ki, məlumat düzdür, qoşunlar şəhərə girib. Bizə məlumat verdilər ki, insanları vəhşicəsinə qətlə yetirirlər”.

Bu fikirləri News24.az-a açıqlamasında 20 Yanvar metro stansiyasının adını təklif edən İbrət Tahirov deyib.

O, həmin gecə metronun çox vacib iş gördüyünü bildirib: “Normalda metro saat 12:00-a kimi çalışırdı, interval belə idi. Amma həmin gün səhərə qədər fəaliyyət göstərdi. Adam çox olduğu üçün depodakı vaqonları da istifadəyə verdik. Həmin gecə metro çalışmasaydı, qətlə yetirilən insanların sayı qat-qat çox olardı”. 

20 Yanvar metro stansiyasının adını qoyan İ.Tahirov iclasda bu təklifin qəbul olunduğunu deyib: “Həmin gecədən sonra “11-ci Qızıl Ordu stansiyası” adı ləğv edildi”.

Veteran maşinist təsirləndiyi bir hadisəni bizimlə bölüşüb: “Heç yadımdan çıxmaz. Səhər saat 5-də Nərimanov bağına tərəf çıxanda gördüm ki, tankın lüləsi metronun çıxışına dirənib. 33 ildir o stansiyaya girəndə həmin görüntü yadıma düşür, eyni hissləri keçirirəm, dəhşətdir”.