Bakıda sevgililər dəhşət yaşadı – Sərxoş halda olan qız öldü, oğlan isə...
    • 23-01-2023, 11:42
    • 11 296

Bakıda sevgililər dəhşət yaşadı – Sərxoş halda olan qız öldü, oğlan isə...

19 may 2022-ci il tarixdə saat 23 radələrində Binəqədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi keçirilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı idarə etdiyi “Tofaş Şahin” markalı avtomobili yük maşınına çırpan 1988-ci il təvəllüdlü Fuad Əmirov (soyadlar şərtidir) həmin gün sevgilisi ilə görüşübmüş. Hadisə nəticəsində həyatını itirən Əminə onun sevgilisi olub. 

Belə ki, həmin gün Əminənin bacısının ad günü imiş və axşam saatlarında o, Fuada zəng edərək borc pul almaq üçün görüşmək istədiyini deyib.
Fuad onu maşınla götürərək uzaqlaşıb. Bir qədər sonra isə o, sürətlə idarə etdiyi avtombili yük maşınına çırpıb. Nəticədə ön sərnişin oturacağında əyləşən qız aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma zamanı qızın hadisə vaxtı sərxoş halda olması məlum olub. Həmçinin Fuadın yaşadığı evdən narkotik vasitələr aşkar edilib. Lakin hadisə vaxtı onun narkotikin təsiri altında olmaması müəyyən edilib.

Məhkəmədə mərhum Əminə Rəcəbovanın bacısı Nadya atasının illər əvvəl onları atdığını, anasının isə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbsdə olduğunu deyib: “Atam biz uşaq ikən həbs olunub, anam ondan ayrılıb, məni və bacımı nənəm saxlayıb. Atam o vaxtlar həbsdə olduğu üçün ata adımın yerinə ana babamın adı, soyadının yerinə anamın soyadı yazılıb. Anam Oksana uzun müddətdir ki, narkotik vasitədən istifadə edir, bu yaxınlarda da Nəsimi RPİ tərəfindən üzərində narkotik vasitə saxladığı üçün həbs edilib. Hadisəyə gəlincə, Fuadı əvvəldən tanımışam, Əminə ilə arabir görüşürdülər. Sonuncu dəfə Əminə 19 may 2022-ci il tarixdə evdə mənim ad günü məclisimdən çıxaraq Fuadla görüşmək üçün getdi. Əminəni taksi ilə Fuadın dediyi ünvana yola saldım, Fuadla görüşünün məqsədi ondan borc istəmək olub. Bunun üçün də ad günümdən çıxıb getdi. Həmin günü saat 23 radələri olardı ki, Əminə Fuadın avtomobilində qəzaya düşməsi və 1 saylı şəhər xəstəxanasına yerləşdirilməsi barədə məlumat aldım. lakin xəstəxanada müalicə olunsa da, vəfat etdi”.

Binəqədi rayon Məhkəməsində Fuad barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə açılmış işə baxılıb. Məhkəmə ona 2 il sürücülük hüququndan məhrum edilməklə 4 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi qeyd edilib. 

Qeyd edək ki, məhkəmə prosesi yanvarın 17-də başa çatıb.

Taleh BAĞIROV