Erkinin dediyində qəribə heç nə yoxdur, Tramp da elə demişdi... - Natiq Cəfərli
    • 26-01-2023, 13:41
    • 297

Erkinin dediyində qəribə heç nə yoxdur, Tramp da elə demişdi... - Natiq Cəfərli

"Erkin Qədirli fikirlərini aydın formada ifadə edib. Videoçəkiliş var. O, orada cəmi iki cümlədən ibarət bir fikir bildirib. Deyib ki, Azərbaycanda parlament seçkilərinin demokratik keçirildiyini söyləmək mümkün deyil. Bu fikir Azərbaycan hökumətinin dəvəti ilə seçki vaxtı ölkəyə gələn bir çox beynəlxalq seçki monitorinq qruplarının rəyində də öz əksini tapıb".

News24.az xəbər verir ki, bunu açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, bəzi saytlar E. Qədirlinin fikirlərini təhrif edib:

"E. Qədirli deyir, elə seçki keçirtməliyik ki, Azərbaycanda hansı partiyanın reytinqinin nə qədər olduğu, kimin hansı səslə parlamentə gəldiyi gələcəkdə şübhə altına düşməsin. Yəni bizə demokratik seçkilər lazımdır. Seçki elə keçirilməlidir ki, nəticələrə heç kim şübhə ilə yanaşa bilməsin. Çünki Azərbaycanda elə partiyalar var ki, çığır-bağır salan sədrindən və bir neçə nəfər üzvdən ibarətdir. Amma az qala özlərini ana müxalifət elan edirlər. Heç seçkilərdə belə iştirak etmirlər. Bu problemin kökündən həlli lazımdır. Bunun üçün də Azərbaycanda beynəlxalq təşkilatların demokratik seçki kimi qəbul etdiyi bir seçki olmalıdır. Bu sadə bir açıqlamadır əslində. REAL Partiyası da seçkilərdən dərhal sonra - 2020-ci il fevral ayının 10-da bəyanat verdi, seçkilərin hüquqi nəticələrini tanıdıq. Amma siyasi nəticələri tanımadığımızı öz rəsmi bəyanatımızda elan etdik. Erkin Qədirli həm də ona istinad edir. Çünki biz orda seçkilərdəki problemləri sadalamışıq. Demokratik seçkilərin olmaması, seçki saxatakarlığı səbəbindən mənim dairəmdə 11 məntəqənin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləvğ edilib. Bütün bunlar onu göstərir ki, seçki zamani ciddi pozuntular baş verib".


N. Cəfərilinin sözlərinə görə, REAL-ın ən çox müşahidəçiləri Erkin Qədirlinin dairəsində olub:

"O, cəmi 2000-dən bir az yuxarı səslə ölkədə ən az səs alıb deputat seçiləndir. Söhbət Erkin Qədirlinin özündən getmir. Söhbət ümumi prosesdən gedir. Bu baxımdan Erkin Qədirlinin dediklərində qəribə heç nə yoxdur. Biz çalışmalıyıq ki, beynəlxalq qurumların Azərbaycandakı sekçilərlə bağlı verdiyi rəyi dəyişək. Demokratik seçkilərin olması üçün şərait yaradaq ki, heç vaxt mənfi rəy verilməsin, seçki şübhə altına alınmasın. Trampın özü ABŞ-da seçkilərin qeyri-demokratik olduğunu söylədi. Dünyanın ən demokratik ölkələrində belə seçkilərdən sonra problemlər olur. Bu normal siyasi bir prosedurdur. Bundan sensasiya düzəltməyə ehtiyac yoxdur".


Qeyd edək ki, ötən gün E.Qədirli "Bizdə demokratik seçki yoxdur" deyə açıqlama verib.// bakupost.az