Millət vəkilindən SƏRT REAKSİYA: “Üzr istəyib, deputat mandatından İMTİNA ETMƏLİDİR”
    • 26-01-2023, 13:51
    • 273

Millət vəkilindən SƏRT REAKSİYA: “Üzr istəyib, deputat mandatından İMTİNA ETMƏLİDİR”

Millət vəkili Erkin Qədirlinin özü daxil olmaqla bütün deputatların seçkilərdə xalqın şəffaf səsini toplamadığını iddia etməsi ajiotaj yaratmağa davam edir. Açıqlama ətrafında qızğın müzakirələr gedir. 

Deputat Musa Quliyev məsələ ilə bağlı düşüncələrini News24.az-a danışıb.

O bildirib ki, seçkilərin saxta olması ilə bağlı səsləndirdiyi fikri bütövlükdə Milli Məclisə aid etməyə nə Erkin Qədirlinin, nə də bir başqasının haqqı çatır: “Bu fikri Erkin Qədirli yalnız özünə aid edə bilər. Seçkilərin baş tutmasında Mərkəzi Seçki Komissiyası,  Konstitusiya Məhkəməsi, beynəlxalq təşkilatlar, yerli təşkilatlar və s. iştirak edir”. 

Musa Quliyev qeyd edib ki, Erkin Qədirlinin qeyri-ciddi açıqlaması onun siyasi hazırlığının zəif olduğunun göstəricisidir: “Siyasəti yaxşı bilən adam belə səhvlər etməz. O deyir ki, qeyri-demokratik yolla seçilib, amma mandatını alıb parlamentdə deputat kimi fəaliyyət göstərir, maaş alır, seçiciləri ilə görüşür. Əgər o doğrudan da ciddi siyasətlə məşğul olan şəxsdirsə və demokratik seçki olmayıbsa, mandatından imtina etməlidir. Erkin Qədirli yalnız parlament üzvlərini yox, bütövlükdə seçiciləri, xalqı təhqir edir.  Parlamentin qeyri-legitim olması ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur. Uzun illərdir parlamentdə olan bir adam kimi deyə bilərəm ki, 6-cı çağırış Milli Məclis ən fəal parlamentlərdən biridir”. 

Deputat sonda qeyd edib ki, Erkin Qədirli özü öz cəasını verdi: “Bu düşüncə sahibinin siyasətdə uzun müddət qalması və uğur qazanması mümkün deyil. Erkin Qədirli səsləndirdiyi məsuliyyətsiz sözə görə seçicilərdən və parlamentdəki həmkarlarından üzr istəməlidir. Özü ilə bağlı qərarını da elə özü verməlidir”.