Sərnişinin ölümünə görə sürücü məhkəmə zalında həbs edildi
    • 31-01-2023, 01:06
    • 269

Sərnişinin ölümünə görə sürücü məhkəmə zalında həbs edildi

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzasında bir nəfərin ölümündə təqsirləndirilən Yusif Abışovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Yusif Abışovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib və o, məhkəmə iclas zalında həbs edilib.

İttihama görə, hadisə 2022-ci il avqustun 30-da Oğuz rayonunun Mollalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Yusif Müslüm oğlu Abışov idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yolun kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Yusif Abışov və sərnişini Böyükağa Hacıyev Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Lakin hadisədən 4 gün sonra sərnişin orada ölüb.

Daha sonra Yusif Abışov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. /Pravda.az/