Azərbaycanlı mütəxəssis dünyanın ən güclü 10 yaddaşından biri seçildi
    • 31-01-2023, 14:49
    • 227

Azərbaycanlı mütəxəssis dünyanın ən güclü 10 yaddaşından biri seçildi

Dünya Yaddaş Liqasının reytinq yarışları keçirilib.

News24.az xəbər verir ki, Beynəlxalq Yaddaş Federasiyasının təşkilatçılığı ilə yanvarın 2-29-da onlayn keçirilən turnir həmyerlimiz Orxan İbadov üçün uğurlu alınıb. Orxan İbadov yarışda ən yüksək nəticə göstərən 5 atletdən biri olub. O, bu nəticə ilə dünya reytinqindəki xallarını artırıb və ilk onluğa daxil olub.

Qeyd edək ki, Dünya Yaddaş Liqası üzbəüz formatda keçirilən yaddaş yarışıdır. Liqada 4000-ə yaxın iştirakçı olur, onlardan yalnız 131-i reytinqdə yer alır. Orxan İbadov bu formatda yarışlarda iştiraka son bir ildə başlasa da, göstərdiyi yüksək nəticələrlə dünyanın ən iti 10 beyni arasına girməyi bacarıb.

Orxan İbadov əvvəllər də bir sıra yarışlarda ölkəmizi uğurla təmsil edib. O, 2017-ci ildə İstanbulda keçirilən Memoriad yarışlarında qızıl medal qazanıb. Eləcə də, Danimarkada, Avstriyada, Filippində, Almaniyada, Misirdə keçirilən müxtəlif beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə edib. O.İbadov 2022-ci ilin may ayında Almaniyada keçirilən yarışda çempion olmaqla, bu ölkənin “Ən güclü yaddaşı” adına da layiq görülüb.

36 yaşlı həmyerlimiz dünyanın aparıcı yaddaş və təhsil ekspertlərindən biri sayılır. O, özünün “İkinci beyin” nəzəriyyəsiylə məşhurdur. Orxan İbadovun yaratdığı həmin nəzəriyyəyə əsasən hər bir insan öz beynindən yalnız əsas funksiyalar üçün istifadə etməli, digər funksiyaların icrası üçün isə əsas beyninin ətrafında köməkçi beyinlər yaratmalıdır. O, hazırda Avropanın, Cənub Şərqi Asiyanın bir sıra təhsil qurumları ilə təhsilin inkişafı üzrə məsləhətçi kimi çalışır. İbadov mütəmadi olaraq İspaniya və Avropanın digər ölkələrində yaddaşın, beynin gücləndirilməsi, məhsuldarlığın artırılması üzrə korporativ və fərdi təlimlər keçir.

Orxan İbadov ixtisasca hüquqşünasdır, 2001-2007-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini təhsil alıb.

Xatırladaq ki, bu ilin sonunda Hindistanın Mumbay şəhərində dünya yaddaş çempionatı keçiriləcək.