Natiq Cəfərli: "Qiymət artımına ehtiyac yox idi, 200 milyon manat...
    • 2-02-2023, 12:40
    • 342

Natiq Cəfərli: "Qiymət artımına ehtiyac yox idi, 200 milyon manat..."

"Qiymət artımı gözlənilən idi. Çünki ötən ildən başlayaraq metropoliten və "BakuBus" rəhbərliyi vətəndaşları daşıma xərclərinin yüksək olduğunu, o gəlirlə işləyə bilmədiklərini, ziyana getdiklərini dəfələrlə açıqlamışdılar".

Bunu News24.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, bu qərarın verilməsinə ehtiyac yox idi: "10 qəpik və ya 33 faiz gedişhaqqının artması büdcəyə və ya dövlət şirkətlərinə 200 milyon manata yaxın əlavə vəsait gətirəcək. Dövlətin buna ehtiyacı var idimi? Burada ciddi suallar var. Çünki büdcənin gəlirləri artıb, neft gəlirləri kifayət qədər yüksəkdir, xarici ticarət ən yüksək nöqtəyə çatıb. Fikrimcə, 200 milyon manata ehtiyac yox idi. 

Digər nüans isə ondan ibarətdir ki, bizdə düşünülmüş qərarların verilməsində problemlər var. Azərbaycan hökuməti, o cümlədən, Tarif Şurası düz xəttlə düşünür və hərəkət edir. Dünyanın heç bir yerində gedişhaqqı bir gedişə görə hesablanmır. Bizdə isə bütün diskussiya o 1 gedişin üzərindədir. Dünyada artıq 30-40 ildir ki, müxtəlif diferensial yanaşmalar var.

Məsələn, başqa ölkələrdə gediş üçün günlük, həftəlik, aylıq, yarımillik, illik biletlər var. Onlarda gedişhaqqı qiymətlərinin hamısı fərqlidir. Hətta tələbələr və təqaüdçülər üçün də gedişlər ayrıdır.

Bizdə metro və avtobusdan 1 dəfə istifadə edənlər üçün qiymət 40 qəpik, 6 aylıq bilet alan üçün 25 qəpik, 1 illik alanlar üçün 20 qəpik, tələbələr üçün 15 qəpik ola bilərdi. Belə yanaşma tətbiq edilsəydi haradasa anlamaq olardı. İndiki yanaşmanı isə məntiqlə və iqtisadi zərurətlə izah etmək mümkün deyil. 

Standart 4 nəfərlik Azərbaycan ailəsini götürsək, aya təqribən 6-7 manat əlavə nəqliyyat xərci deməkdir. 6-7 manatı 1 il üçün hesablasaq, 100 manatdan yuxarı məbləğ edir. Məsələn, kasıb ailə o 100 manatı ilboyu su puluna və ya kommunal xidmətlərinə verə bilərdi".