Bakıda iki dostun ölümünə görə 5 nəfər ittiham olunur
    • 3-02-2023, 11:26
    • 166

Bakıda iki dostun ölümünə görə 5 nəfər ittiham olunur

Ötən il Bakının Nərimanov rayonunda iki dost - Şahin Bayramov və Fərid Əlirzayevin küçədə qətlə yetirilməsi ilə bağlı ibtidai araşdırma başa çatıb.

News24.az xəbər verir ki, istintaqla 31 yaşlı Şahin Bayramov və 30 yaşlı Fərid Əlirzayevin 5 nəfərlik dəstə üzvləri tərəfindən öldürüldükləri müəyyən olunub.

İttihamda göstərilib ki, tərəflər arasındakı mübahisə Təbriz küçəsində baş verib. Hadisə nəticəsində dəstə üzvləri üzərlərində olan kəsici-deşici alətlərlə dostları qətlə yetiriblər.

Cinayətdə şübhəli qismində ilk olaraq Nurani Məmmədov saxlanılıb.

İstintaqın gedişi zamanı isə daha 4 dəstə üzvü-Sərxan Şahbazov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov tutularaq cinayət məsuliyyətinə cəlb olunub.

İttiham olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham irəli sürülüb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq .

Qeyd edək ki, hadisə 2022-ci ilin fevral ayında qeydə alınıb.

Fevralın 18-də saat 01 radələrində Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs – bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Nurani Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.