Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Adanadadır
    • 8-02-2023, 12:03
    • 266

Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Adanadadır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Adanaya çatıb.

News24.az xəbər verir ki, bu barədə  Adanada olan FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev məlumat verib.
O bildirib ki, qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.
Nazirlik rəsmisi vurğulayıb ki, heyətin Kahramanmaraşda fəaliyyət göstərmələri planlaşdırılır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.//report