Azərbaycanda "Tanrının pulu"na maraq artır - AÇIQLAMA
    • 15-02-2023, 16:37
    • 347

Azərbaycanda "Tanrının pulu"na maraq artır - AÇIQLAMA

Amerikalı investor və iş adamı, “Varlı ata, Kasıb ata” bestseller kitabının müəllifi Robert Kiyosaki proqnozlaşdırır ki, 2025-ci ilədək əsas ehtiyat (rezerv) valyuta kimi ABŞ dollarına inam məhv olacaq, qızıl, gümüş və rəqəmsal aktivlər kəskin şəkildə bahalaşacaq.

Onun sözlərinə görə, nəhəng çöküş yaxınlaşır. Bundan əlavə, depressiya da mümkündür.

Kiyosaki qeyd edib ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı) milyardlarla pul çap etməyə məcbur olmasıdır: 
“2025-ci ilədək qızıl 5 min dollar, gümüş 500 dollar olacaq, niyə? Çünki ABŞ dollarına - "saxta pula" inam məhv olacaq. Qızıl və gümüş tanrıların puludur”.

Kiyosakinin fikrincə, 2023-cü ildə FED faiz dərəcələrini azaltmağa başlayacağına görə dollar çökəcək. Qeyd edək ki, son günlər ölkəmizdə də qızıla maraq artıb, eyni zamanda qızılın qiymətinin daha da aratcağı ilə fikirlər səslənir.

Doğrudanmı qarşıdakı dövrdə dolların dəyəri azalacaq və belə olduğu təqdirdə vətəndaşlar qızıla üstünlük verməlidir?
Bununla bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, dollar kağız puldur və onun dəyəri yoxdur, ancaq qızılın var:


“Kağız pul isə onu buraxan dövlətin qüdrətinə əsaslanır. Bu baxımdan dollar etibarlı valyuta hesab edilib, çünki ABŞ dünyanın ən qüdrətli dövlətidir. Ancaq bu da aydındır ki, ABŞ getdikcə zəifləyir və əvvəlki qüdrəti yoxdur. Yəni hərbi cəhətdən Əfqanıstandan çıxmalı oldu, siyasi və iqtisadi cəhətdən ölkə daxilində ciddi problemlər var. Hazırda nə qədə qüdrətli olsa da, getdikcə zəifləyəcək. Digər tərəfdən Çin və Hindistan güclənir. Gələcəkdə Amerika dolları əvvəlki kimi qüdrətli olmayacaq. Bunun 2024, yoxsa 2025-ci illərdə olacağını demək çətindir. Yəqin ki, yaxın 10-20 il ərzində bu baş verəcək”.

Vətəndaşların öz pullarını harada saxlamasına gəldikdə isə, ekspertin sözlərinə görə, adi insanlarda belə bir problem yoxdur:

“Çünki onların heç o qədər pulu yoxdur. Bu, o insanları narahat edir ki, 100 minlərlə deyil, milyonlarla pulu var. Harada saxlamaq adətən onları narahat edir və onlar qismən də olsa, qızıla çevirirlər. Onlar da başa düşür ki, dünyanın iqtisadi maliyyə modeli dəyişəcək. Ancaq qızılı da saxlamaq asan məsələ deyil. Çünki kağız pula vaxtilə ona görə keçiblər ki, onu saxlamaq, daşımaq, başqasına ödəniş etmək rahatdır. Qızılı harada saxlayacaqlar? Bu problemdir, çünki oğurlaya bilərlər. Banklara qoymaq üçün əgər bank sistemində, dünya iqtisadiyyatında problem olsa, qoyulan pul kimi qızıl da bata bilər. Buna görə də qızılı gərək evdə saxlayasan, ya da torpağa basdırasan. Yəni təhlükədir. Ancaq artıq bu tendensiya müşahidə olunur ki, qızılı çox alırlar və buna görə də qızılın qiyməti artır”.//cebhe.info