Quru sərhədlərlə bağlı XƏBƏR VAR – Bu tarixdə açıla bilər
    • 23-02-2023, 12:31
    • 539

Quru sərhədlərlə bağlı XƏBƏR VAR – Bu tarixdə açıla bilər

Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Yeni qərarla xüsusi karantin rejiminin müddəti 1 may tarixinədək uzadılıb.

Bəs belə olan halda, quru sərhədləri nə vaxt açıla bilər? Qarşıdakı aylarda bununla bağlı qərar verilə bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev fikirlərini bildirib.

Deputat deyib ki, əgər yoluxma artmasa, yaz-yay aylarında quru sərhədlərinin açılması mümkün olacaq:

"Yoluxmalar artmasa, yaz-yay aylarında quru sərhədlərin açılması mümkündür. İnanıram ki, hökümət də, dövlət də bunun fərqindədir. Azərbaycanın iqtisadiyyatı üçün də, vətəndaşların rahatlığı üçün də bu, çox vacibdir”.

R.Nurullayev qeyd edib ki, hökümət vətəndaşların sağlamlığını da düşünürək qərarlar verir: "Digər bir tərəfdən isə, dövlətin, hökümətin üzərində vətəndaşların sağlamlığını qorumaq kimi bir yük də var. Ona görə də, əgər yoluxmalar yenidən artmayacaqsa, dünyada gedən proseslərin Azərbaycana mənfi təsiri olmayacaqsa, o zaman mən bunun açılmasını mümkün sayıram”.

Deputat bildirib ki, ehtiyac yarandıqda hansısa müvəqqəti qərarlar da verilə bilər:

"Yaxşı olardı ki, hökümət düşünsün ki, bəzi istisna hallarda vətəndaşların ölkəyə gətirilməsi üçün müvəqqəti olaraq sərhədlərin açılması təşkil edilsin. Bu gün Türkiyədə də bizim nə qədər tələbələrimiz baha bilet səbəbindən Azərbaycana dönə bilmir, onların da ölkəyə quru sərhədlər vasitəsilə gətirilməsi mümkündür. Onun üçün də müəyyən istisna hallarda, belə fövqəl hallarda, ehtiyac yarandıqda qanunvericiliyə dəyişiklik edərək quru sərhədlərin açılması və insanlarımızın ölkəyə gətirilməsinin də mümkünlüyü öz əksini tapmalıdır”.//azxeber.com