Qənirə Paşayeva: Bugünkü Azərbaycan 90-CI İLLƏRİN AZƏRBAYCANI DEYİL!

Qənirə Paşayeva: Bugünkü Azərbaycan 90-CI İLLƏRİN AZƏRBAYCANI DEYİL!
DAĞLIQ QARABAĞ

01 oktyabr 2020, 19:00

Mətn ölçüsü

“Ermənistan mülki əhalini hədəf almaqla real xislətini ortaya qoyur". 

Bunu News24.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Millət vəkili bildirib ki, Ermənistanın uzun illərdir davam etdirdiyi acı nəticələri hələ tam aradan qaldırılmayan elan olunmamış müharibəsinə münasibətdə Cenevrə konvensiyalarının üç istiqaməti diqqətə alınmalıdır: 

"Ermənistan illərdir Cenevrə konvensiyalarını heçə saymaqla məşğul olub

- Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında;

- Hərbi əsirlərlə rəftar haqqında;

- Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında;


Ümumilikdə, Ermənistan dövlət müstəqilliyini elan edəndən bəri Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokolların tətbiqi sahəsində ancaq pozuculuq və saymamazlıqla məşğul olub. Silahlı münaqişələr zamanı yaralı, xəstə hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə humanitar hüquq ilə qorunan şəxslərə qarşı müvafiq rəftarı təmin etmək planında bütün hüquqları tapdalayıb”.

“Bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil” 


Q.Paşayeva qeyd edib ki, ermənilərin vəhşiliyi heç bir kitaba sığmaz: “Sentyabrın 27-dən bəri həlak olan dinc sakinlərimizin sayı artıq 15-ə çatıb. Dinc əhali arasında xeyli yaralımız var. Habelə neçə-neçə mülki obyektlər dağıdılıb. Nə üçün? O günahsız insanlar azərbaycanlı olduqları üçün ölməli, yaralanmalı, evləri dağıdılmalıydı? Onların günahları öz doğma evlərində yaşamalarıydımı?


Onların içində bir ailənin 5 üzvü var. Bir ailə sonuncu üzvünədək öldürülüb, bir ev boş qalıb! Onlardan ikisi – Fidan və Şəhriyar yenicə məktəbə gedirdi... XXI əsrdə belə vəhşilik hansı kitaba-dəftərə yazıla, necə adlana, necə təmizə çıxarıla bilər? Sanki bizə Xocalıdakı soyqırımın davamını yaşatmaq istəyirlər. Ancaq bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil!

Biz özümüzü qorumağı, öz torpaqlarımızı azad etməyi, düşmənin hərbi obyektlərini darmadağın etməyi bacarırıq! Özü də azadetmə əməliyyatları apararkən mülki əhaliyə, qadına, qocaya, uşağa ziyan vurmadan bu işi reallaşdırırıq”.

“Bizim işimiz haqq işidir”


Q.Paşayeva vurğulayıb ki, müvafiq dövlət orqanları lazımi tədbirləri görür: “Baş Prokurorluq hər bir erməni cinayətini anındaca qeydə alır, istintaq başlayır, yerli və beynəlxalq ictimaiyyət məlumatlandırılır. Başqa bir mühüm işi diplomatlarımız görür – vaxtaşırı beynəlxalq ictimaiyyətə hərtərəfli mövcud durum izah olunur, işimizin haqq iş olduğu bir daha inandırıcı həqiqət olmaq etibarı ilə diqqətə çatdırılır. 

Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, bölgəyə ədalətli sülh gəlmədən yeni itkilər, dinc əhalinin həlak edilməsi faktları da davam edə bilər. Ona görə də, əsas işi ordumuz görməkdədir. O günahsız insanların, qadın və qocaların, uşaqların qanı yerdə qalmır, intiqamı alınır və düşmənin atəş nöqtələri susdurulur. İnanıram ki, sonda biz qalib gələcəyik!”


Məhərrəm Əliyev