“Müharibə edirik ki, SÜLH QAZANAQ”

“Müharibə edirik ki, SÜLH QAZANAQ”
DAĞLIQ QARABAĞ / MƏDƏNİYYƏT

06 oktyabr 2020, 16:36

Mətn ölçüsü

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutub. Nəticədə mülki şəxslər və hərbçilər arasında ölən, eləcə də yaralananlar olub. Hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. 

News24.az söz adamlarının məsələyə münasibətini öyrənib. 

Yazıçı Şərif Ağayar News24.az-a danışaraq, bildirib ki, dinc ermənilər ordumuzun hədəfi deyil:

“Vəziyyət kifayət qədər aydındır. Azərbaycan beynəlxalq hüquq çərçivəsindən kənar bir iş görmür. BMT tərəfindən tanınan və qeyd-şərtsiz boşaldılması haqqında qətnamələr qəbul edilən ərazisini qonşu ölkənin hərbi müdaxiləsindən azad edir. Bu, bizim həm qanuni, həm də mənəvi haqqımızdır. Heç bir dövlət, heç bir millət, o cümlədən Azərbaycan vətəndaşı olan dinc ermənilər ordumuzun hədəfi deyil. Əgər belə bir fakt olsa,  hamıdan əvvəl şəxsən mən etiraz edərəm”.


Yazıçının sözlərinə görə, müharibənin davam etməməsi və ədalətli sülhün təmin olunması üçün işğala son qoyulmalıdır: “Biz sülh üçün lazım olandan qat-qat artıq cəhd elədik – işğala, soyqırıma məruz qala-qala 30 il gözlədik, dünyanın ədalətinə ümid bəslədik. Nəticə isə olmadı. Əslində, oldu. Demokratik yolla hakimiyyətə gəldiyini iddia edən Paşinyan işğalı rəsmiləşdirməyə qalxdı və Qarabağı Arsaxın da yox, Ermənistanın torpağı elan etdi. Şuşada inaqurasiya mərasimi keçirdi. Bu həqarətə bizi qınayan dövlətlərin heç biri dözməz. Əgər 30 ildə beynəlxalq təşkilatlar ədaləti qismən də olsa təmin edə bilməyiblərsə, biz nə etməliyik? 

Müharibə olmasın demək asandır, buna necə nail olaq? İşğalı qəbul edək? Şərəfsizliyə imza ataq? Ədalətli və davamlı sülh əlbəttə olacaq, ordumuz Ermənistanın silahlı qruplaşmalarını ölkəmizdən tamamilə qovandan sonra...”

Şair, yazıçı Aqşin Yenisey Dağlıq Qarabağ problemini və son vəziyyəti belə şərh edib:

“Biz bu otuz il ərzində gördük ki, konvensiyalar, BMT qərarları, beynəlxalq normalar yalnız zəiflər üçündür və gücü təmsil edənlərə lazım olanda, bütün bu beynəlxalq dəyərləri necə öz maraqlarının xidmətçisinə çevirə bilirlər. Ona görə də bu haqq davamızda hansısa konvensiyaya, normaya arxayın olub addım atmamalıyıq. Bəlkə də elə bizi o konvensiyanın tələsinə salmaq istəyirlər. Tamamilə soyuqqanlı şəkildə işğal olunan torpaqlarımızın azad olunması ilə məşğul olmalıyıq. 

Ermənilər çox istəyirlər ki, müharibənin miqyası mülki əhalini də əhatə etsin. Çünki erməni lobbisi bu dəqiqə erməni uşağının meyitinin fotosunu gözləyir. Sonrasını onlar çox yaxşı bacarırlar. Sizə bir fakt deyim, 1920-ci illərdə hələ kinonun səssiz dövründə ermənilər ABŞ-da “Satılmış ruhlar” adlı film çəkib, guya, türklərin ermənilərə necə zülm etdiyini bütün dünyaya göstərirdilər”.  

Yazıçı beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsinə olan laqeyd münasibətinə də toxunub: “Bu gün beynəlxalq aləm dediyimiz yer mütəşəkkil şəkildə şəbəkələşmiş xristian dünyasıdır. Xristian dünyası üçün biz müsəlmanlardan fərqli olaraq Qarabağ məsələsi milli yox, dini məsələdir. Xristian ölkələri erməni xalqını kilsə qohumluğuna görə dəstəkləyirlər. Bunun kökü Osmanlı imperiyasının parçalandığı XIX əsrin sonu XX əsrin əvvələrində qoyulub və bu günə qədər də davam edir. 1877-78-ci illər Osmanlı-rus müharibəsindən sonra ruslar, ingilislər, fransızlar üçün ermənilər Osmanlının daxilində bir terror toplumu kimi dəstəkləndi. Bu gün də onlar döyüşdə ancaq terror taktikasından istifadə edirlər. Çünki bünövrə belə qoyulub. Onlarla sülh formatında danışmaq əvvəldən yanlış qərar idi”. 


O, bildirib ki, ermənilərin milli şüurunda sülh deyə bir anlayış yoxdur: “Onlar ya qurbandırlar, ya da qatil. Dünyaya göstərdikləri özlərinin qurban, yazıq, əzilmiş obrazlarıdır. Xristian dünyası onların yazıq obrazlarına arxa çıxır ki, zalım obrazlarından öz maraqları üçün istifadə edə bilsinlər. Ermənilər onlara gələcəkdə Rusiyanı parçalamaq üçün lazım olacaq”.     

A.Yenisey məsələnin sülh yolu ilə həll olacağını düşünən və müharibəyə yox deyən bəzi vətəndaşlarımızın mövqeyinə belə cavab verib: “Biz istədiyimiz üçün müharibə baş verməyib. Bizim sülhpərvərlərin çoxu maaşlı casuslardır. Casus olmayanlar da sadəcə, içimizdəki qorxaqlardır. İşğala məruz qalan Azərbaycan xalqıdır. Biz sülh istəyə bilmərik. Bu, səhv məntiqdir. Biz ancaq təslim ola bilərik. Kim təslim olmaq istəyir buyursun, erməni tərəfə müraciət etsin. Biz öz azadlığımız, ləyaqatimiz, övladlarımız uğrunda döyüşmək istəyirik. 30 illik nəticəsiz danışıqlar prosesini hansı formada həll etmək mümkün idi? 

Ancaq gücü təmsil edən ölkələrin Ermənistana siyasi, iqtisadi sanksiyaları sülh danışıqlarına kömək edə bilərdi. Amma onlar heç vaxt bunu etmədilər, etməyəcəklər də. Ermənilərə gəlincə, Qarabağda baş verən son hadisələr onu göstərir ki, bu xalq ümumiyyətlə, sülhün nə demək olduğundan xəbərsizdir. Onlar siyasətlə tarixi səhv salırlar, öz siyasətlərini öz tarixləri zənn edirlər. Bu qədər cahil bir millətlə nə sülh mümkündü, nə qonşuluq”.

Yazıçı Tural Cəfərov vurğulayıb ki, Azərbaycana bu məsələdə müharibədən başqa çıxış yolu verilməyib: 

“Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı problem 1980-ci ilin sonlarından etibarən başlayıb və SSRİ Ali Soveti tərəfindən muxtariyyəti ləğv edilib. Erməni seperatçıları istər o zamanın SSRİ və Azərbaycan konstitusiyasına, istərsə də beynəlxalq konvensiyalara əks hərəkət edərək, Dağlıq Qarabağı işğal edib, etnik təmizləmə siyasəti aparıblar. Etnik təmizləmə bütün bəşəri qaydalara ziddir. Onlar bununla kifayətlənməyib, hətta Azərbaycanın Dağlıq Qarabağ ətrafı 7 rayonunu da zəbt ediblər. 30 ildir danışıqlar prosesi gedir. Artıq Azərbaycanın qarşısında öz topraqlarını müharibə yolu ilə qaytarmaqdan başqa bir yol qalmayıb”. 


Yazıçının sözlərinə görə, Ermənistan seperatçılarının Azərbaycanın mülki əhalisini hədəf alması təəccüblü deyil. Səbəbi isə belə izah edib: “Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin və yaşayış obyektlərinin atəşə tutulması ilə nəticələnən itkilər və tələfatlar çoxdur. Ermənilərin mülki əhalimizi hədəf alması bəzi adamları təəccübləndirir. Ancaq halbuki erməni əxlaqı çərçivəsində son dərəcə məntiqli addımdır. İkinci Dünya Müharibəsində Nasist ordusu Ukrayna və Belarusu işğal etdikdən sonra baş verənləri xatırlayaq. Belarusun və Ukraynanın əhalisi yerində qaldı. Sadəcə olaraq hökumət orqanları və qoşunlar çıxarıldı. Ermənistanın başdan ayağa etnik təmizləmə siyasəti aparır. Bu təmizlənmə nəinki Dağlıq Qarabağı, eləcə də Ermənistan Respublikasını əhatə edir. Ermənistandan 1948 və 1988-ci ildə ümumən 400 min azərbaycanlı deportasiya olunub. Həmin deportasiya baş verməsəydi, Ermənistanın indiki əhalisinin 30%-i azərbaycanlı olardı. 

Sovet vaxtında Livan və Suriyadakı bir çox ermənilər Ermənistana – tarixi Azərbaycan torpaqlarına köçürülüb. Hətta onlardan biri Ermənistan prezidenti oldu -  Levon Ter-Petrosyan. 19-cu əsrdə İrandakı ermənilər də köçürülmüşdü. İndi isə nəyin bahasına olursa-olsun Dağlıq Qarabağda özlərinə vətən yaratmaq istəyirlər. Ermənistan danışığa hazırdısa, “Qarabağ Azərbaycandır” bəyanatı verməməlidir.  Yəni, bütün dəyərləri pozmuş bir ölkənin qarşısında pasifizmdən danışmaq çox gülüncdür. Bizim müharibə etməyimizin əsas səbəbi sülh yaratmaqdır”.


T. Cəfərov qeyd edib ki, bu ərəfədə müharibəyə yox deyib sülh tərəfdarı olmaq heç bir məntiqə uyğun deyil: “Azərbaycanda bəzi adamlar pasifist mövqedən çıxış edirlər. Hər hansı bir ölkənin öz hüquqlarını bərpa etmək üçün güc tətbiq etməyi bütün beynəlxalq normalara uyğundur. Pasifizmdən o vaxt danışmaq olar ki, hansısa ölkə işğalçı siyasət aparır. Azərbaycan öz torpaqlarında müharibə aparır və öz ərazilərini işğaldan azad etmək istəyir. Bu mənada heç bir halda Azərbaycanın siyasətinin əleyhinə çıxıb, pasifizmdən danışmaq olmaz. İndiki halda müharibəyə yox deyib, sülhdən danışmaq heç bir əxlaqa və ya hüquqa sığmır”. 

Məhərrəm Əliyev