"Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür" - Əli Əhmədov

"Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür" - Əli Əhmədov
DAĞLIQ QARABAĞ / SİYASƏT

17 oktyabr 2020, 12:01

Mətn ölçüsü

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində ermənilərin Gəncə şəhərini xaincəsinə bombalaması, eləcə də Füzuli şəhərinin işğaldan azad edilməsi münasibəti ilə fikirlərini paylaşıb. 

News24.az-ın verdiyi məlumata görə, Əli Əhmədov qeyd edib: "Bu gün Azərbaycan Respublikasının Prezidenti, Alı Baş Komandan İlham Əliyev Füzuli şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Ordumuzun yeni möhtəşəm qələbəsi Qarabağın azadlığını anbaan yaxınlaşdırır. Füzulinin azad edilməsi xalqımızın azadlıq mübarizəsində xüsusi əhəmiyyətə malikdir. Füzulinin işğaldan azad olunmasını heç cür həzm edə bilməyən erməni faşistləri dinc əhaliyə qarşı yeni vəhşiliyə əl atdılar. Gəncəni yenidən raket atəşinə tutdular. Gəncənin ikinci dəfə raket atəşinə tutulması erməni vəhşiliyinin növbəti iyrənc ifadəsidir. Hərb meydanında məğlub olan Ermənistan, adətinə uyğun olaraq dinc əhalini, uşaq və qadınları hədəfə alır. Xocalıdakı vəhşəti törədənlərin övladlarından başqa bir şeyi gözləməyə dəyməz. İllərlə hər cür şıltaqlıqlarına dözərək, bir sıra hallarda isə bu şıltaqlıqlara həvəsləndirərək indiki vəhşi xislətli Ermənistanı yaradanlar onun törətdiyi vəhşiliklərə görə məsuliyyət daşımalıdırlar. Lakin çox təəssüf ki, islah edilməsi mümkün olmayan barbar hərbi cinayətkarı yetişdirib bugünki bəşəriyyətə ürcah edənlər nədənsə susurlar. Dinc əhalinin, uşaqların, qadınların, yaşlı insanların həlak olması da onların daş qəlbini diqqətə gətirmir. İki raket zərbəsi nəticəsində Gəncə şəhərində 20-dən çox günahsız insan, o cümlərən qadın və uşağın qətlə yetirilməsi, 80-ə yaxın insanın isə ağır xəsarət alması cəzasız qalmamalıdır və qalmayacaqdır. Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan rəhbərliyi əmin olmalıdır ki, törətdiyi vəhşiliklər Azərbaycan xalqının mübarizə və qələbə əzmini sındıra bilməz. Qəhrəman Azərbaycan Ordusunun zəfər yürüşü davam edir və edəcək. Qarabağ Azərbaycandır!"