Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə görə minnətdarlıq ediblər

Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə görə minnətdarlıq ediblər
DAĞLIQ QARABAĞ

18 oktyabr 2020, 17:00

Mətn ölçüsü

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov Ermənistan silahlı qüvvələrinin cari il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı başladığı hərbi əməliyyatlar zamanı yaralı vəziyyətdə əsir düşmüş Ermənistan hərbçiləri - 13.11.2001-ci il təvəllüdlü Sarqsyan Areq Siraki, 23.05.2001-ci il təvəllüdlü Amircanyan Narek Qariki və 07.09.2001-ci il təvəllüdlü Mikayelyan Albert Yervandiyə müalicə aldıqları hospitalda baş çəkib.

Bu barədə News24.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd olunub ki, başçəkmə zamanı Komissiya katibi yaralı Ermənistan hərbçilərinin vəziyyəti, onlarla davranış, müalicələri və saxlanma şəraitləri ilə maraqlanıb.

Ermənistan hərbçiləri Azərbaycanda onlara göstərilən münasibətdən və davranışdan razı qaldıqlarını, müalicələrinin normal aparıldığını bildirmiş, minnətdarlıq ifadə ediblər.

Beynəlxalq humanitar hüquq normalarının müvafiq müddəaları rəhbər tutularaq, başcəkmə zamanı yaralı Ermənistan hərbçilərindən ikisinin ailələri ilə telefon əlaqəsi saxlamaları təmin edilib. Ailə üzvlərinin telefon nömrələrini xatırlamadığını bildirən Albert Mikaelyana isə videomüraciətlə yaxınlarına onunla davranış və müalicəsi barədə məlumat verilməsi üçün şərait yaradılıb.

Ermənistan hərbçiləri başçəkməyə, xüsusilə də ailə üzvləri ilə yaradılmış telefon əlaqəsinə görə minnətdarlıqlarını bildiriblər.