Sahibə Qafarova: "Azərbaycan bu mübarizədə tək deyil"

Sahibə Qafarova: "Azərbaycan bu mübarizədə tək deyil"
QARABAĞ / SİYASƏT

20 oktyabr 2020, 17:49

Mətn ölçüsü

“Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır. Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənmişlər, güvənirlər və güvənəcəklər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər yaxın olsun”. 

News24.az-ın məlumatına görə, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən sədr Sahibə Qafarova deyib.

Xanım sədr bildirib ki, Azərbaycan daim Türkiyəni yanında hiss edib, onun qardaş köməyinə arxalanıb: “Ermənistanın silahlı təxribatına və işğalçılıq siyasətinə son qoymaq üçün Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları zamanı dünya bu qardaşlığa bir daha şahid oldu.

Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin siyasi, hərbi və dövlət xadimlərinin verdiyi bəyanatlar və tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan xalqı haqq işi uğrunda mübarizədə tək deyildir. Türkiyə hər yerdə Azərbaycanın yanındadır. Bu gün Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopun Azərbaycanda olması da bizim birlik və qardaşlığımızın daha bir ifadəsidir”.