27 illik işğal səhifəsi zəfər tarixi ilə ƏVƏZLƏNDİ - "Doğma Zəngilanımıza qovuşacağımıza inanırdıq" - VİDEOREPORTAJ

27 illik işğal səhifəsi zəfər tarixi ilə ƏVƏZLƏNDİ -
DAĞLIQ QARABAĞ / Video

29 oktyabr 2020, 19:03

Mətn ölçüsü

Bu günlərdə Müzəffər Ordumuz Zəngilanın işğal tarixinin - 29 oktyabr 1993-cü ilin üstündən xətt çəkdi. Yeni - 20 oktyabr 2020-ci il zəfər tarixini yazdı. Böyük qayıdışın astanasında Zəngilan azadlığa qovuşdu. Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahibinə - anası Azərbaycana qovuşdu. 

News24.az-ın çəkiliş heyəti ilə qonağı olduğumuz Yusifovlar ailəsi də Zəngilan şəhərinin Muğanlı kəndindədirlər.

Ailənin mənzilinə daxil olan kimi Qarabağlıların səmimiyyəti, istiliyi bizi valeh etdi. Elə qapıdan bizi qarşılayan ailənin ağsaqqalı Əli müəllim bizə "xoş gəlmisiniz evimizə, amma inşallah bu yaxınlarda Zəngilandakı doğma yurdumuzda gəlib, oranın suyundan içərsiniz" dedi.


Əli müəllim Ali Baş Komandan cənab İlham Əliyevin şad xəbəri verdiyi günü belə xatırlayır: “Cəbrayıldan sonra məhz Zəngilanın işğaldan azad olunacağını gözləyirdim. Bizim kəndimiz İranla üzbəüzdür. Şad xəbəri evdən yox işdən eşitdim. Muğanlı kəndinin adını eşidəndə bilmədim nə edim. (ağlayır) Sevincimin həddi-hüdudu olmadı. Çünki 27 ildir bu xəbərin həsrətindəyim. Həmin gün 159 nömrədən təbrik zəngi gəldi, amma cavablandıra bilmədim. Üzrlü hesab eləsinlər, çünki həmin gün çox həyəcanlandım. 27 il bir igidin ömrüdür. Zəngilanın havasını udmuşam, suyunu içmişəm, torpağında ilk addımımı atmışam. Ona görə də doğma yurdsuz yaşaya bilməzdim. Mən mütləq Zəngilanıma qayıtmalıydım”.

Ailənin ağsaqqalı öz arzularını da dilə gətirdi:
“Mən Cənab Prezident İlham Əliyevə və qolu güclü əsgərlərimizə minnətdarlığımı bildirirəm. Allah onları qorusun. İstəyirəm ki, Cənab Ali Baş Komanda sərkərdə adı verilsin. Çünki o, həqiqətəndə əsl güclü, siyası mübarizə aparır. Hazırda yaşadığımız günlər Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq. Bu ən tarix olacaq. Cənab İlham Əliyev işğalda olan 20% torpağımı geri qaytaracaq, biz buna əminik və ona güvənirik. Biz onunla fəxr edirik. Mənim bir arzum da var. İstəyirəm ki, bu Vətən müharibəsi bitəndən sonra orda iştirak edən bütün əsgərlərimizin döşündə medal olsun ki, bütün Azərbaycan onları tanısın. Şəhərdə, küçədə onları görəndə hər kəs fərəhlə onlara baxsın. Bizim gücümüzün çatmadığını bizim balalarımız, nəvələrimiz elədilər". 

Ailənin xanımı Xalidə Yusifova deyir ki, artıq Zəngilan deyəndə hicran, göz yaşları olmayacaq, əksinə böyük qürur hissi ilə tarix yazan Ordumuzun uğurlarından danışılacaq. Xalidə xanım Muğanlı kəndi haqda da danışdı: “Sevincimin həddi-hüdudu yoxdur. İnanın ki, Zəngilanımı yuxularımda görürdüm. Bizim kəndimiz cəmi 24 evdən ibarət idi. Bir bulağımız var idi. Elə o bulaq bizim hər şeyimiz olub. O, bir tək bulağdan gələn sunu içirdik, ağaçlarımızı suluyurduk. Çox darıxmışam doğma elə obam üçün. Ora getməyə tələsirəm. 


Əli müəllim elmi işlərlə məşğuldur. Deyir ki, doğma yurduma gedən kimi əkinçiliklə məşğul olacaq: “Bütün gücümü ora verəcəyəm. Torpaqların məhsuldarlığı ilə məşğul olmaq istəyirəm. Çünki Zəngilan təbii sərvətləri ilə zəngin yerdir. Çox istəyirəm ki, bir neçə ilə yeni çiçəklənmiş Zəngilan yaradaq. Bu dəqiqə qaçaram ora, amma kimdir məni indi ora qoyan? Allah ömür versin ki, doğma torpağımız tam təmizlənəndən sonra hamılıqla evimizə gedək”. 

Əli Yusifov doğma evindən didərgin düşdüyü o, kədərdli gündən də söz açıb: “1993-cü ilin fevral ayında qarlı gündə doğma torpağımla vidalaşdım. İnanın ki, atam, anamı ordan çıxara bilmədim. Dedilər ki, biz ölsək də burda öləcəyik. Evdən çıxıb beş kilometr piyada yeriyib digər kəndin stansiyasından minib getdim. Amma gözüm qalmışdı arxada. İnanırsınız, elə bil kənd üzümə baxıb ağlaya-ağlaya deyirdi ki, bu gün bizim sonuncu günümüzdür. Çox kədərli hisslər idi. (ağlayır) O, günü heç vaxt yaddan çıxarmaram”.

Ailənin bir digər üzvü Zəkiyə xanımın sözlərinə görə qaçqın düşdüyü gün hətta qonşu qadınlarla özlərini necə öldürəcəkləri barədə belə düşünmüşdülər, amma geridə gözü yaşlı övladlar qalacaqdı: “Oktyabrın 26-sı 1993-cü ildə xəbər gəldi ki, Zəngilan blakadaya alındı və bizi ordan çıxartmağa başladılar. Biz çox qürurlu xalq, millətik. Qaçqın kimi getməyi özümə he çcür sığışdıra bilmirdim. İnanın ki, o qədər ağladım ki, qucağımdaki körpəmin paltarı bütün suyun içində idi. Gərək, düşmənində şərəf, insaf ola, amma ermənilərdə bu xüsusiyyətlərin heç biri yoxdur. Onların Xocalı soyqırımda elədiklərini alçaqlığı görəndən sonra çox qorxmuşdum. Hətta köçkün düşdüyümüz gündən bir gün öncə gecə uşaqlarımın yastığının altına nəzir qoyub allaha yalvardım ki, “Allahım mən onları öldürə bilmirəm, sən öldür”, amma qonşularla qərarlaşdırdıq ki, özümüzü öldürəcəyik, amma düşmənlərin əlinə düşməyəcəyik. Çox şükür ki, o, kədərli günlər qaldı geridə. Biz o vaxtda çox ağlamışıq, indi də göz yaşı tökürük. Amma indi qürur, sevinc göz yaşları tökürük. Allah bu sevin göz yaşını hər kəsə qismət eləsin. Allahdan şəhidlərimizə rəhmət, əsgərlərimizə can sağlığı arzu edirəm”.


Yusifovlar ailəsinin bir qızı isə Arazı keçən kimi dünyaya gəlib. Ayşən Vəliyeva heç vaxt Zəngilanı görməsə də, hər zaman doğma yurdumuzun həsrəti ilə yaşayıb: “Uşaqlıqdan Zəngilan həsrəti ilə böyümüşəm. Məndən bir yaş böyük bacım hər zaman mənə deyir ki, “Ayişən sən bir il fərqlə Zəngilanın havasını uda bilməmisən”. Bu sözlər məni incidirdi, çox pis olurdum, hətta qısqançlığıma səbəb olurdu. Amma ürəyimdə daim böyük bir inam hissi var idi. Mən bilirdim ki, biz bir gün doğma torpaqlarımıza qayıdacağıq. İndi biz güclü siyasətin nəticəsində tarixi günlər yaşayırıq”.
 
İndi Yusifovlar ailəsi başda olmaqla bütün Qarabağlılar doğma yurdlarına getməyə tələsirlər. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı... Bəli, artıq Azərbaycanın üçrəngli, aylı-ulduzlu bayrağı uzun illər erməni işğalında olan, bu gün isə rəşadətli ordumuz tərəfindən azad edilən torpaqlarımızda qürurla dalğalanır.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov

YouTube