"Azərbaycanın haqq səsini dünyaya çatdıranda ölməyi belə gözə almışdım" - FULYA ÖZTÜRKLƏ EKSKLÜZİV MÜSAHİBƏ - VİDEO

"Azərbaycanın haqq səsini dünyaya çatdıranda ölməyi belə gözə almışdım" - FULYA ÖZTÜRKLƏ EKSKLÜZİV MÜSAHİBƏ - VİDEO
DAĞLIQ QARABAĞ / MÜSAHİBƏ / Video

14 noyabr 2020, 18:52

Mətn ölçüsü

Bu dəfəki müsahibimiz II Qarabağ müharibəsində yaxından iştirak edən, orada baş verən bütün hadisələri operativ və duyğusal şəkildə işıqlandıran, xüsusilə də Gəncə hadisələrindən hazırladığı materiallarla adından söhbət etdirməyi bacaran qardaş Türkiyənin jurnalisti Fulya Öztürkdür.

"CNN Türk" telekanalının əməkdaşı Fulya Öztürk News24.az-a müsahibə verib. 

               

- Fulya xanım, xoş gördük. Necəsiniz? 

- Salam, hər birinizi xoş gördük. Bu günlərdə Azərbaycanımın qələbəsi ilə sevincli günlər yaşayıram, ona görə də özümü çox yaxşı hiss edirəm.  

- Bu sizin ölkəmizə ilk səfərinizdir? 

- Bəli, amma çox sevildiyimin fərqindəyəm. Düzdür, çox təəccübləndim, amma yenə də çox şadam. Mən sadəcə öz işimi gördüm, müxbirlik vəzifəmi icra etdim. Bütün səmimiyyətimlə reallıqları, Ermənistanın törətdiyi qətliamı, terroru dünyaya çatdırmağa çalışdım. Hətta deyim ki, dəfələrlə ölümlə üzləşdim. Gəncədə, Bərdədə, Tərtərdə ölə bilərdim, amma yenə də öz işimi layiqincə görməyə çalışdım. İnsanlarınızın nə yaşadığını bilib, gördüyüm üçün hər şeyi ürəkdən danışdım, informasiyanı ötürdüm. Qorxunu, sevinci, həyəcanı bütün qəlbimlə çatdırmağa çalışdım. Mən də insanam, qadınam ona görə də baş verənlər məni çox incitdi. Bunları da görüb soyuqqanlı dura bilməzdim. Hətta xatırlayırsınızsa Gəncədə bir dəhşətli hadisəyə şahidlik elədim. O partlayışın altından qanlar içində ölmüş körpə bir qız çıxdı, ona toxundum. Bu cür dəhşəti görüb necə sakit davrana bilərəm axı? Ürəyim çox ağrıdı. Çalışdığım illər boyunca ilk dəfəydiki soyuqqanlı ola bilmədim. Hətta bəziləri bu cür reaksiyama görə məni qınadılar, amma yenə də fikirləşirəm ki, başqa cür davrana bilməzdim. Bombaların, meyitlərin, qan qoxusu hələ də burnumdan getmir. Çox ürək bulandırıcı görüntülər idi. Oranı görən insan hər an ağlını qaçırda bilərdi. Bərdədə də bir neçə saat 7 nəşin yanında qaldım. Hadisə yerinə ilk gedən mən idim. Yanan maşınları, ölüləri görmək məni çox sarsıtdı. Çox dəhşətli idi. Canlı yayımdan sonra hönkür-hönkür ağladım. Niyə axı, niyə insanlar ölür? Ermənistan dinc əhaliyə qarşı bombalar atır, insanları evlərindən didərgin salırlar, biz buna sakit qala bilməzdik. Ermənistan ora sənin ölkəndir, torpağındır? Xeyr. Ora Azərbaycandır, bunu da bütün dünya gördü və bildi. Qarabağ Azərbaycandır! Çox şükür ki, dünya bu vəhşiliyi gördü və bildi. Çünki, həm sizin, həm də bizim media var gücləri ilə dur, of demədən çalışdılar. Hətta bir neçə dəfə televiziya rəhbərimiz mənə hadisə yerinə getməməyimi desə də mən getdim. Dura bilməzdim. Çünki, qarşımızda vəhşi bir düşmən var. Qorxu olsa da, işimə olan sevgim onu dəf etdi.  

- Bilirik ki, siz jurnalist təcrübəniz boyunca daha çox müharibə müxbiri kimi çalışmısınız. Suriyada, Somalidə, Afrikada və sairə yerlərdə baş verən hadisələri işıqlandırmısınız. Amma Qarabağın yəqin yeri bambaşqadır... 

- Əlbəttə ki... Qarabağ yaradıcılığıma qızıl hərflərlə yazıldı. Baxın, biz Suriyada ön cəbhədə idik, amma burda dinc əhalinin yanında olmağıma baxmayaraq vəhşilik gördüm. İnanın ki, Türkiyədə getdiyim bütün yerlərdə “Çırpınırdı Qara dəniz” mahnısına qulaq asırdım, çünki Azərini çox sevirəm. İndi isə 10 noyabr “Qələbə günü”ndə bütün Azərbaycan xalqı ilə birlikdə bu ifanı bir ağızdan ifa elədik. Bilirsiniz ki, Füzulidə, Cəbrayılda oldum, indi isə arzum Şuşaya getməkdir. Nə gözəl ki, bu qələbənin şahidi oldum. Hətta Qarabağda keçirdiyim günlərdən kitab belə yazaram. İnanın ki, mən özüm bura getməyi istədim. Getdim rəhbərimdən icazə və halallıq alıb gəldim. Dedim ölsəm, yaralansam belə getməliyəm. Öz-özümə düşünürəm ki, mən bu ölkəyə şans gətirdim. Çünki, çox ürəkdən qələbəni istədim və arzuladım. Əgər qələbəni görmədən qayıtsaydım çox kədərlənirdim. Amma indi çox rahatam.  

- “İnstagram” səhifənizdə bir maraqlı paylaşımınız diqqətimi çəkdi. Gəncədə Qarabağ zəfərindən sonra bir vətəndaşımız qışqıra-qışqıra öz sevincini məhz sizinlə bölüşdü... 

- Bəli, o kişi məni qorxutdu (gülür). Gecə saat 03:00 radələrdə qarşıma çıxdı. O qədər coşğu və sevincə qışqıra-qışqıra “Fulya xanım, biz qalıb gəldik” dedi. Bu çox gözəl mənzərə idi. Çünki, insanlar 30 ildir bu xəbəri səbirsizliklə gözləyirdi. Onları çox gözəl anlayıram. Düzdür, o, kişidən qorxdum, amma yenə də çox sevincli idi.  

- Bu günlər ərzində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ünvanınıza dediyi xoş sözlər də yaddaqalan oldu... 

- Hikmət müəllim çox gözəl insandır, onunla bir neçə saat danışa bilərəm, çünki çox savadlı və əsl peşəkardır. Onun dediyi fikirlər çox gözəl idi. Mənə "Sən Azərbaycanın fenomenisən" dedi. (gülür) Yenə də dediyim kimi mən sadəcə işimi icra etdim. İnsanların reaksiyalarını görəndə, mənimlə şəkil çəkdirmələrini istəyəndə çox təəccübləndim, amma şad oldum. Dünya Azərbaycanın tək olmadığını gördü.  

- Bir az ailənizdən, özünüzdən danışardınız... 

- Mən hər zaman öz kökənlərimlə maraqlanmışam. Bir neçə gün öncə dayım dedi ki, “sən bilirsən bizim əslimiz-kökümüz haradandır? Anan Cənubi Azərbaycandandır”. Yəqin, buna görə də mən Azərbaycana, Qarabağa çox bağlandım. Mən özümü Vətənimdəki kimi hiss edirəm. Həm də uşaqlıqdan sizin tarixinizlə çox maraqlandığıma görə bura gəlib hər şeyi canlı görmək istədim Bu ənim üçün böyük qürur və sevinc hissidir. Əslən Adanalıyam, ailəm işimə artıq öyrəşib. Həm də mən çox ağlayan-sızlayan, çox bəzənən-düzənən deyiləm. Bir az əsgər ruhluyam. 15 ildir televiziyadayam, onun səkkiz ili müharibə zonasında keçib.  

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov
 

YouTube