30 illik mifi dağıdan 44 GÜNLÜK SAVAŞ

30 illik mifi dağıdan  44 GÜNLÜK  SAVAŞ
DAĞLIQ QARABAĞ / SİYASƏT

16 noyabr 2020, 12:51

Mətn ölçüsü

Milli Məclis Sədrinin müavini Adil Əliyev İkinci Qarabağ müharibəsinə həsr olunan məqalə yazıb.


News24.az məqaləni təqdim edir:

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verib. Bu şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olunub. Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidirdik, Hər  gün  bu  xəbərləri səbirsizliklə gözləyirdik. Açıqlanan şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və  mübarizənin  durduğu, bu  qalibiyyətin  nələrin  hesabına başa gəlməsinin hər kəs fərqində idi. Düşmənin uzun illər  işğal altında  saxladığı, müqəddəs  ruhlarımızın uyuduğu torpaq  uğrunda aparılan,  sonu qələbə ilə bitən  bu mübarizə hər bir  azərbaycanlını  hədsiz  dərəcədə sevindirib. Rəşadətli Ordumuzun apardığı hərbi əməliyyatlar zamanı düşmənə məxsus olan texnikaların və canlı qüvvənin məhv edilməsi ilə bağlı Müdafiə Nazirliyinin yaydığı rəsmi kadrlar hər bir vətəndaşımız tərəfindən böyük qürur hissi ilə izlənilib. Düşmənin itkilərinin dəyəri artıq 3 milyardı keçib, davam edən hərbi əməliyyatlar fonunda Ermənistan ordusu tam sıradan çıxarılıb. Dəfələrlə döyüş zamanı erməni hərbi qulluqçuları döyüşməkdən imtina edərək geri çəkiliblər.
Müharibənin ilk günlərindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi  qətiyyətli mövqe, beynəlxalq mediaya verilən sərrast və  dürüst açıqlamalar, Ordumuzun  göstərdiyi şücaət, üstün döyüş  qabiliyyəti  artıq erməni xalqının iradəsini sındırmışdı.

Bu gün Ermənilərin ayrı-ayrı zümrələrindən olan şəxslərin sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olmaq istəklərini dilə gətirmələri təsadüfi deyil. Bunun real səbəbi odur ki, onlar ölkə başçımızın timsalında ilk dəfə əsl lider,  müharibə meydanında ilk dəfə qalib ordu gördülər. Çünki, döyüş əməliyyatları başlayan andan deyilmişdi ki, bu müharibə həm də Ermənistanın cinayətkar siyasi rəhbərliyinin sonu olacaq... Həmin siyasi rəhbərlik isə öz qəddar  və  vandal siyasətinə, barbar əməllərinə davam etməkdə idi. O qədər çıxılmaz vəziyyətə  düşdülər ki, hətta qadınlardan və qocalardan ibarət hərbi qruplar da  təşkil etdilər. Bu da onlara kömək edə bilmədi, yenə  döyüşdə olan erməni əhalisi savaşmaqdan imtina edirdi...
Noyabrın 8-də qəhrəman  əsgər  və zabitlərimiz üzbəüz mövqelərdə, təkbətək döyüşərək Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərini işğaldan  azad  etdi. Ardınca bir günün içində 70-dən artıq kənd,  8 strateji yüksəklik  düşmən tapdağından  təmizləndi, bu da  düşməni mat vəziyyətinə saldı. Savaşın  başladığı  ilk zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddət  müharibənin dayandırılması məqsədilə xarici dövlətlərə yalvardı.  Dövlət başçımızın dəmir iradəsi, Azərbaycan xalqının öz liderinə qüvvətli inamı,  ordumuzun ruh yüksəkliyini görəndən, üstəgəl  də  Şuşanın azad  edilməsindən  sonra çıxılmazlıq  labirintinə düşdü. Xain  Ermənistanın  və  onun xain baş nazirinin  razılaşma   kapitulyasiyasını imzalamaqdan başqa yolu qalmadı.

Artıq 10 noyabr  - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür.  Biz qalib ölkə olaraq, Ermənistana kapitulyasiyanı imzalatmağı bacardıq. Paşinyan məğlubiyyətdən yaxa qurtarmaq məqsədilə bu imzanı atsa  da, ölkəsində  ona qarşı etirazlar sürətlə artıb. 

Ermənistanın siyasi rəhbərliyi bütün xəbərdarlıqlara baxmayaraq, heç bir  halda öz şövinist siyasətindən əl çəkmədi. Bu da onun üçün ağır nəticəsi - həm döyüş meydanında məğlub oldu, həm də  ki, onsuz  da  çətin iqtisadi  durumda  olan  ölkəni  bu qədər  maliyyə itkiləri ilə  lap pis  vəziyyətə saldı. Bu  maliyyə  böhranından  çıxmaq  üçün düşmən ölkəyə  azı bir neçə onillik lazım olacaq. Eyni zamanda, Paşinyanın xalqının gözündə olmayan etibarı tamamilə yerlə bir oldu. 

Onu  da  bildirim ki, Paşinyana qarşı etirazlar yalnız kapitulyasiyanı imzaladıqdan sonra başlamamışdı. Daha əvvəl də ölkədə Baş nazirin müxalifət nümayəndələrini, jurnalistləri həbs etdirməsi, onların ölümünə səbəb olma halları ilə əlaqədar  kifayət qədər narazılıqlar mövcud idi. Düşmənə qarşı sülhə məcburetmə tədbirləri çərcivəsində Ermənistan kapitulyasiyanı imzalamaqla, Kəlbəcər, Laçın və Ağdam rayonlarını heç bir qan tökülmədən qaytarmağı öz üzərinə götürdü. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə  də məğlub oldular.
Sazişin şərtlərinə baxsaq görürük ki, ordumuzun işğaldan  azad  etdiyi və razılaşma ilə boşaldılan bütün ərazilərdə nəzarət bizdə qalır, habelə həmin yerlər Azərbaycan Respublikasının tərkibinə daxil olur. Bu isə o deməkdir ki, üç rəngli bayrağımız yenidən həmin rayon və şəhərlərdə sonsuzadək dalğalanacaqdır.

Ermənistanın bu müharibədə itkiləri yalnız çoxsaylı  döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsindən ibarət olmayıb. Azərbaycanın  Dövlət-Ordu-Xalq  Birliyinin gücü,  savaş meydanında  qəhrəmanlıq  dastanı  yazan oğul  və qızlarının  şücaəti  düşmənin dünyada  30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst elədi. Danışıqlar prosesində istədikləri şərtlərin hər birini sıfırladı.

Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib   Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”