"Qonşumuzda ata və oğul öldü, qızı havalandı" - Nəzakət Teymurova - MÜSAHİBƏ

"Qonşumuzda ata və oğul öldü, qızı havalandı" - Nəzakət Teymurova - MÜSAHİBƏ
DAĞLIQ QARABAĞ / MÜSAHİBƏ / MƏDƏNİYYƏT

20 noyabr 2020, 12:00

Mətn ölçüsü

27 ildir ayrı düşdüyümüz Ağdama bu gün qovuşduq. 

O Ağdam ki, Azərbaycan mədəniyyətinə neçə-neçə görkəmli simalar, sənətkarlar bəxş edib. Elə Xalq artisti, “YUNESKO”-nun "Ən gözəl səs" xüsusi mükafatının sahibi Nəzakət Teymurova kimi...

News24.az illərdir torpaq həsrəti ilə alışıb-yanan Xalq artistinin Ağdamla bağlı xatirələrinin yer aldığı müsahibəsini tədim edir: 

-    Nəzakət xanım, Ağdamı neçə yaşında tərk etmişdiniz? 

-    Ağdamdan 16 yaşımda çıxmışam. Öz evimiz var idi. Anam, qardaşlarım, bacılarım orda yaşayırdı. Tətillərdə evimizə gedirdim. O vaxta qədər ki, torpaqlarımızı işğal etdilər. 

-    Ağdamın işğalını necə xatırlayırsınız?

-    O anlar yaddışımda çox pis qalıb. Fərrux dağından yaşayış məskənlərini “Qrat” atəşinə tuturdular, bombalar atırdılar. Onu da qeyd edim ki, bizim evimizin yanında hərbi hissə var idi. Buna görə də kəndimiz düşmənin ən böyük hədəfi idi. Bizim həyətimizə də “Qrat” mərmisi düşdü. Xoşbəxtlikdən mərmi partlamadı. Həmin vaxt qardaşlarım da müharibədə idi. Anamgil canını götürüb kəndimizi tərk etdilər. Amma daha sonra geri qayıtdılar. 

-    Yaddaşınızdan silinməyəcək hadisələr yaşamısınız...

-    Qonşuluqda yaşayan evə mərmi düşmüşdü. Ata və oğlu həlak oldu. Qızı isə o hadisədən sonra havalandı. Yaralı insanları gördüm. Baxmayaraq ki, o ərəfələrdə Ağdamda üç-dörd gün olmuşam, amma bu mənim üçün ömürlük travma oldu. 

-    Torpaq Sizin üçün nədir?

-    Torpaq varlığı mənim üçün hər şeydir. Dəyərdir, müqəddəs varlıqdır. 

-    Uzun illərdən sonra Ağdamın işğaldan azad olunacağına ümidiniz var idimi? 

-    Yox, televizorda həmişə hava haqda məlumatlarda Şuşa, Xocavənd, Ağdamın adını çəkəndə dəli olurdum. Deyirdim ki, bu torpaqlar bizdə deyilsə, niyə adlarını çəkirlər? İçimdə həm inam, həm də inamsızlıq var idi. Hər dəfə qürurumuz qırılırdı. Bu il, gələn il İnşallah demək nə qədər olardı? “Gələn il bu vaxt işğal olunan torpaqlarmızda” cümləsi ilə özümüzə nə qədər səbr vermək olardı? Həmişə deyirdim ki, Allah bizim səbrimizi kəssin! Bizim özümüz olmasaq da qohumlarımız çadırlarda, vaqonlarda yaşayıb. Daha sonra onların güzaranları qaydasına düşdü. Evlər verildi. Hazırda hər bir şərait olsa da torpağı əvəz etmir. Enerjini, hüzuru məhz o torpaqdan alacağıq. 

-    Ağdama getdiyiniz zaman evinizi, uşaq vaxtı oynadığınız küçələri rahatlıqla tapa biləcəksinizmi? Kəndiniz yadınızdadırmı?

-    Kəndimizin hər cığırı yadımdadır. Evimizin qarşısından əsas yol keçirdi. Küçələri saya-saya evimizi tapacağam. Sadəcə olaraq hazırkı dövrdə oranı viran qoyublar. 

-    Uşaqlığınızın keçdiyi evdən xatirə olaraq indiyə qədər nəyi saxlamısız?

-    Anamın sandığı var. Hazırda da bağ evimizdədir. Düşmən bizim kəndimizi “Qrad” atəşinə tutanda anam evin açarlarını axtarırdı. O harayla evin qapısını bağlamaq istəyirdi. Geri qayıdacağına ümid edirdi. Anama indi deyirəm ki, “Zalımın qızı, o vaxt sən nə edirdin?” Ümidimizi itirmirdik. Erməninin torpaqlarımızı işğal edəcəyini düşünmürdük. Erməni heç kimdir və ömür boyu da belə olacaq. Arxalarındakı hegemon dövlətlərdir onlara qol-qanad verən. Həm birinci, həm də ikinci Qarabağ Müharibəsəində o qədər igid oğlanlarımız həlan olub ki... Allah şəhidlərimizə rəhmət eləsin! Onlar cavan canlarını torpaqlarımıza qurban veriblər. Canları ilə o torpaqlara can veriblər. Şəhidlik zirvəsinə çatmaq üçün canlarından keçiblər. Bu görə dəhəmin torpaqların yanından ötüb getmək yox, torpağı öpüb gözümüzün üstünə qoymaq lazımdır. Ora müqəddəs torpaqdır. 

-    Ağdamı yuxularınızda tez-tez görürsünüzmü?

-     Hər dəfə qızıma yuxumda evimizi gördüyümü deyəndə, “Ana, sən yuxu yox, serial görürsən” cavabını verirdi. Həqiqətən də bu illər ərzində rahatlığım çox qaçmışdı. Amma hazırda sanki içimizə hüzur qayıdır. Bəlkə də elə torpaqdı bizi özünə çəkir. Çünki torpaq heç nə ilə əvəz olunmur. 

-    Ağdama ayaq basan zaman ilk görəcəyiniz iş nə olacaq?

-    Əlmədətli kəndindənik. Şahbulağın yanındayıq. Təbii ki, evimizə gedəcəyəm. Atamın, bacımın məzarını ziyarət edəcəyəm.  

-    Cənab Ali Baş Komandan, Prezident İlham Əliyev Kəlbəcər, Ağdam və Laçının Azərbaycana qaytarılması xəbərini gecə saatlarında Xalqa müraciət edərək çatdırdı. Xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

-    Həmin vaxt yatmamışdım. Xəbəri eşidəndə ağlayırdım, halbahal olurdum. Allah şükr edirdim ki, o torpaqlarımız itkilərsiz qaytarıldı. Həmin vaxt anamı yuxudan oyatdım. Bacıma, uşaqlarına və qohumlara zəng edib xəbəri çatdırdım. Bir daha Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə bu sevinci bizə yaşatdığı üçün dərin təşəkkürümü bildirirəm. Bu qələbəni həm də Müzəffər Ordumuza borcluyuq. Ömür boyu şəhidlərimizin ruhuna borclu olmayıq. Onların sayəsində bu torpaqlara yenidən əlimiz çatdı. O yollara ayaq basacağıq. Bundan böyük sevinc ola bilməz. Son günlər çox böyük qürür hissi duyuram. 

-    Bu xəbəri ananıza çatdıranda hansı reaksiyanı verdi?

-    Çox sevindi. Onun hər zaman arzusu olub ki, o torpaqda son nəfəsini versin. Anasının məzarı yanında dəfn olunsun. 

Teymur Məmmədov