Hərbi ekspert: "Qarabağda AĞILA GƏLMƏYƏN yerlər belə MİNALANIB"

Hərbi ekspert: "Qarabağda AĞILA GƏLMƏYƏN yerlər belə MİNALANIB
DAĞLIQ QARABAĞ

25 noyabr 2020, 15:14

Mətn ölçüsü

“Qarabağda minalı ərazilər ehtimal olunandan da böyükdür”.

Bunu News24.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Hərbi ekspert bildirib ki, ermənilər işğal altında olan ərazilərimizin böyük hissəsini minalayıblar: “Ağıla gəlməyən yerlərə belə minalar, tələ-sürprizlər qoyulub. Yolların kənarları, cığırlar, ehtimal olunan keçid yerləri, evlərin xarabalıqları və ən çox da qəbiristanlıqlarımızı nümunə deyə bilərik. Çünki bilirlər ki, azərbaycanlılar doğma yurdlarına dönəndə, ilk növbədə yaxınlarının məzarlarını ziyarət edəcəklər. Məzar daşlarının fotolar olan hissəni qırıb, altında qumbaralar və ya minalar gizlədiblər. Yaxşı bilirlər ki, vətəndaşlarımız sabah öz yaxınlarının qəbrini ziyarət edəndə, foto olan daşı götürüb, məzarın üzərində hündür bir yerə qoyacaqlar. Bu daşı götürən məqamda partlayış baş verəcək”.


Ekspert vurğulayıb ki, minalanma bir neçə istiqamətdə həyata keçirilib: “Düşmənin müdafiə mövqelərinin qarşısı, sədlərin arasındakı boş ərazilər və ehtimal olunan, hücumların gözlənildiyi istiqamətlər. Bir də qeyd etdiyim kimi qəbiristanlıqlar, geri çəkilərkən minalanan yollar, hərbi texnika və piyadaların keçdiyi sahələr. 


Bəzi yerlərdə tikililərin içində əsgərlərimiz tələ-sürprizlərlə qarşılaşırlar. Bu ərazilərdə vətəndaşlarımız və xüsusilə, əsgərlərimiz diqqətli olmalıdır. Ehtimal var ki, zirzəmilərdə və ya ərzaq anbarlarında müəyyən hissələrdə minalar olsun. Bu baxımdan doğma torpaqlara dönməyə vətəndaşlarımız tələsməməlidir. Ərazidə hərəkət marşrutlarından yoxlanıldıqdan sonra istifadəyə verilən cığırlardan çıxdınsa minaya düşə bilərsən. Təbii ki, dövlət bununla bağlı tədbirlər görüb və plan hazırlanıb. Söhbət 10-15 il ərzində bu minaların təmizlənməsindən gedir”.

Məhərrəm Əliyev