"İlanın başını əzdik və Qarabağımızı qaytardıq" - KƏLBƏCƏRLİ TANINMIŞLAR

"İlanın başını əzdik və Qarabağımızı qaytardıq" - KƏLBƏCƏRLİ TANINMIŞLAR
DAĞLIQ QARABAĞ / MƏDƏNİYYƏT

25 noyabr 2020, 16:39

Mətn ölçüsü

Bu gün 27 illik həsrət sona çatdı. 

News24.az Kəlbəcərin 27 illik düşmən əsarətindən azad olunması münasibəti ilə bu rayonun məşhur simalarının qələbə təəssüratını alıb.

Kəlbəcər ziyalısı, şəhid atası Mirsəyyaf Zamanlı sevincini bizimlə bölüşüb:


"27 ildir gözümüz yollarda idi. Biz hər il Kəlbəcərin işğal gününü qeyd edirik. Amma çox şükr ki, o təqvimin üstündən xətt çəkilərək, Kəlbəcərin mənfur kafirlərdən azad olunma gününü, yəni, bu günü qeyd edirik. Azərbaycanın mərd, igid oğulları Cənab Ali Baş Komandanın müdrik, qətiyyətli siyasəti ilə Kəlbəcəri azad etdi. Kəlbəcər dünyanın ən gözəl yurdlarından biridir. Ora mənim üçün çox əzizdir. Kəlbəcər mənim üçün əvəzolunmaz məkandır. Oranı bütün saraylardan yüksək və üstün tuturam. Kəlbəcərin İstisuyu və təbii sərvətləri çox zəngindir. İnanın ki, bir il orada qalsaq, bizdən varlı heç kim olmayacaq. Kəlbəcər zəngin və gözəl torpaqdır. Düzdür, hər yerin yaxşısı və pisi var, amma mənim bir sözüm var: Oranın pisini mənə verin, amma yaxşısına dəyməyin. Azərbaycan Ordusu ilanın başını əzdi. Özü də ki, yumruqla. İndi Kəlbəcərə qar yağır. Həmin qar da mikrobları təmizlədi. Cəhənnəmə getdilər, göra getdilər. Bəs nə oldu Paşınyan? (gülür) Doğma torpağımı sonuncu dəfə 1993-cü ildə görmüşəm. Bütün arzularım, xəyallarım yazdığım sətrlər doğma Kəlbəcərimlə bağlıdır. Mən bu torpaq uğrunda bir oğlumu şəhid verdim, amma nə xoş ki, Allah bizə doğma yurdumuzun azad olunmasını görməyi nəsib etdi. Odur ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova da Kəlbəcər torpağındandır:


"Hər kəsin gözü aydın olsun, min şükr. Çox möhtəşəm hisslər keçirirəm. Hətta sözlərlə ifadə edə bilmirəm. Çünki nə desəm sözlərim bu sevincin qarşısında aciz qalacaq. Səhərdən bütün Kəlbəcərlilərlə sevincimi bölüşürəm. Bu xəbər bizi həm çox sevindirdi, həm də çox kövrəltdi. Bu torpağı Azərbaycan Ordusu öz qanı, canı bahasına geri qaytardı. Bunların hər birisinə görə əsgərlərimizə, şəhidlərimizə, Cənab Ali Baş Komandanımıza öz təşəkkürümü bildirirəm".

Əməkdar artist Babək Niftəliyev qələbə təəssüratını bizimlə paylaşan tanınmışlardandır:


"Bu gün tək Qarabağlılar yox bütün Azərbaycan sevinir. Hər birimizin gözü aydın olsun. 27 illik həsrətimiz sona çatdı. Mən hazırda Murov tərəfdəyəm. Tanklarımızı, BMP-lərimizi və hərbiyə aid olan bütün texnikalarımızı yola saldıq. Əsgərlərimizdə böyük ruh yüksəkliyi var və bu ruh yüksəkliyi ilə gözümün qarşısında Kəlbəcərə daxil oldular. Bu, inanılmaz bir sevincdir. Buna görə biz Ali Baş Komandanımıza təşəkkür edirik. Ordumuza minnətdaram. Şəhidlərimizi unutmaq olmaz. Onların ruhu qarşısında baş əyirəm. Qazilərimizə tezliklə şəfa diləyirəm. Kəlbəcər alınmaz qala idi. Bu ermənilər 27 ildə dağıtmaqdan başqa heç nə etməyiblər. Evləri yandırırlar, hər yeri dağıdırlar. Ən çox meşələrimizin yanması, ağaçlarımızın kəsilməsi mənə çox pis təsir edir. Yəni ermənilər ekologiyaya qarşı terror aktı həyata keçirirlər. O kadrlara baxanda, çox əsəbləşirəm. Amma eybi yoxdur. İnşallah tezliklə Qarabağımızı çox möhtəşəm şəkildə bərpa edəcəyik. Kəlbəcərdən səkkiz yaşımda çıxmışam. Düzdür, xoş günlərimiz də olub, amma doğma evimizdən ağlaya-ağlaya getməyimiz xatirəmdən çıxmır. O maşın karvanları gözümün önündən getmir. Çox şükr ki, bu günlər artıq geridə qaldı. Bundan sonra Dədə Şəmşirin sazının səsi Kəlbəcərdən eşidiləcək".

Tanınmış jurnalist, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı da zəngin torpağımız Kəlbəcərin yetirməsidir:


"Həqiqətən də hər birimiz bir möcüzəni görürük. Üç ay öncə kimsə bizə desəydi ki, torpaqlarımız işğaldan azad olunacaq, bəlkə də inanmazdıq. Amma bu gün Rəşadətli Azərbaycan Ordusu bu möcüzəni həyata keçirdi. Bu, adi qələbə deyil. Allah Cənab Ali Baş Komandanımızın, Azərbaycan əsgərinin canını sağ eləsin. Çox gözəl günlər yaşayırıq. O işğal günü pis bir yuxu kimi çıxdı getdi. Torpaqlarımız uğrunda qanından, canından keçən şəhidlərimizin ruhlarının şad olması üçün var gücümüzlə çalışıb, Qarabağımızı inkişaf etdirməliyik. Düşmən də kənardan baxıb, görsün ki, Qarabağ heç vaxt onların olmayıb. Qarabağ əzəli torpağına, ana yurduna qovuşdu. Allah qismət eləsə ilk olaraq Kəlbəcərin müharibə postlarına gedəcəyəm. O, yerlər üçün burnumun ucu göynəyir. Ermənilərin elədiyi heç bir əmələ görə təəccüblənmirəm. Onlar həşəratdır. Dünyanın ən insanlıqdan uzaq olan əməllərini ermənilər edirlər. Təbii ki, evlərimizin yanmasını görmək insana çox pis təsir edir, amma erməni elə ermənidir. Onları dəyişmək olmaz. Bu hadisələr bizi yandırır, amma bir tərəfdən düşünürük ki, elə yaxşı ki, belə oldu. Çünki, bununla da dünya ermənilərin nə qədər vəhşi olduqlarını gördü".

Sevda Bayramova