"Məni ilan öldürmədi, erməni kimdir ki, öldürsün" - 22 yaşlı Şəhid Azər Musazadəni TANIYAQ - VİDEO

"Məni ilan öldürmədi, erməni kimdir ki, öldürsün" - 22 yaşlı Şəhid Azər Musazadəni TANIYAQ  - VİDEO
DAĞLIQ QARABAĞ / Video

05 dekabr 2020, 18:27

Mətn ölçüsü

Ağdərə istiqamətində qəhrəmancasına şəhid olan 22 yaşlı Azər Musazadəni tanıyaq. 

"Oğlum Azər 22 yaşlı, ali təhsilli idi. İlk olaraq Tərtərə çağırıldı, daha sonra isə Azərlə birgə daha 27 oğlumuz könüllü şəkildə ön cəbhəyə yollandılar. Döyüşdə altı post aldılar. Daha sonra onlar ermənilərlə üz-üzə gələrək əlbəyaxa döyüşə giriblər. Növbəti postu almağa gedən zaman yanlarına mərmi düşüb. Mərminin qəlpəsi oğluma arxa tərəfdən dəyib. Azər aldığı mərmi qəlpəsindən şəhid oldu. Oktyabrın 13-ü şəhid olsa da nəşi uzun müddət sonra tapıldı. Oğlumun nəşi neytralda qalmışdı".

Bu sözləri News24.az-a əslən Qəbələdən olan 22 yaşlı şəhidimiz Azər Musazadənin atası Çingiz Adilov deyib. O, oğlundan qürurla bəhs edərək "Vətən sağ olsun" deyir: "Azər hələ orta məktəbdə oxuyan zaman onu ayağından ilan sancmışdı, ona görə də tez-tez ayağı ağrayırdı. Elə döyüş zamanı da qəfildən oğlumun ayağında problem yarandı. Döyüş yoldaşları ona getməməsini desələr də o, "Məni ilan öldürmədi, erməni kimdir ki, öldürsün" söyləyərək döyüşə qatılıb. Müharibəyə gedəndə dedi ki, məndən narahat olmayın, qələbə çalıb qayıdacağıq".

Şəhid oğlundan göz yaşları ilə danışan ata oğlunun çox mehriban olduğunu deyib: "Azər çox sakit və mülayım uşaq olub. Ailəmizdə üç uşağımız olub. Azər getdi geridə iki övladım qaldı. Gedəndə demişdi ki, Qarabağı alıb üçrəngli bayrağımızla geri qayıdacağam. Elə oğlum bayrağa bürünüb qayıtdı. Oktyabrın 11-nə qədər tez-tez telefonla əlaqə saxlayırdıq, amma 15-dən sonra oğlumdan heç bir xəbər gəlmədi. Bir neçə gün sonra Səfərbərlik Xidmətinə, Müdafiə Nazirliyinə müraciət etdik. Dedilər ki, oğlunuz döyüşdədir, olduğu yerdə dalğa yoxdur, ona görə əlaqə saxlaya bilmirsiniz. Müharibə bitəndən sonra yenə də axtarışlara başladıq, dedilər ki, itkin düşüb. Uzun müddət sonra vətən uğrunda şəhid olduğu xəbəri gəldi. Çox ümid edirdim ki, oğlum sağdır, amma olmadı. (ağlayır) Çox şükür ki, əsir düşmədi. Azər şəhidlik zirvəsinə ucaldı. Hələ də tapılmayan oğullarımıza görə çox pis oluram".



Şəhidimizin qardaşı Namiq Musazadə də qəhrəmanımız haqda danışıb: "Ailəmizin ən kiçiyi olub. Çox ərköyün idi. Televizorda Qarabağla bağlı kadrları görəndə orda vuruşmağı arzu edirdi. Ən çox da Şuşanı görmək istəyirdi, amma qismət olmadı. Gedəndə bizə dedi ki, "Vətən uğrunda şəhid olsam belə ağlamayın".

Generalımız Polad Həşimov Azərin korpus komandırı olub. Məhz buna görə də qardaşım daim ona bənzəmək istəyirdi. Onun kimi Vətəninə bağlı idi. İkinci Vətən müharibəsinin ilk günlərindən döyüşə qatıldı. Oktyabrın 11-nə qədər mütəmadi olaraq əlaqə saxlayırdı. Sonuncu dəfə telefonla danışanda dedi ki, "biz önə gedirik, ola bilsin ki, zəng edə bilməyəcəm, məndən narahat olmayın". Elə axrıncı dəfə də qardaşımın səsini o zaman eşitdik. Qardaşım 45 gün sonra noyabrın 30-da tanınmaz halda tapıldı".


Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhunuz qarşısında baş əyirik. 

Sevda Bayramova

YouTube