Sabah Xocalı abidəsini ziyarət edənlərin NƏZƏRİNƏ

Sabah Xocalı abidəsini ziyarət edənlərin NƏZƏRİNƏ
QARABAĞ / HADİSƏ

25 fevral 2021, 13:20

Mətn ölçüsü

Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək.

DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, bu il Xocalı soyqırımı qurbanlarının anım mərasimi zamanı vətəndaşların koronavirus infeksiyasına yoluxma riskinin çox olmasını və mövcud karantin rejiminin tələblərini nəzərə alaraq paytaxtın Xətai rayonu ərazisində yerləşən abidəni ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək.

Belə ki, “Ana harayı” abidəsini ziyarət etmək istəyən vətəndaşlar mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar.

Ona görə də vətəndaşlar abidənin ətrafına beş nəfərlik qruplarla daxil olmalı və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxmalıdırlar. Abidənin ətrafında insanların toplaşması yolverilməzdir.

Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə “Ana harayı” abidəsi istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar.