13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR

13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR Dünya

Almaniya hökuməti uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin tətbiqini nəzərdə tutan islahatın əsas istiqamətlərini təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni təşəbbüs çərçivəsində 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişinin tamamilə məhdudlaşdırılması, 13-18 yaşlı yeniyetmələr üçün isə əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Bundan başqa, platformaların tövsiyə alqoritmlərini, sonsuz lent sürüşdürmə funksiyasını və videoların avtomatik oynadılmasını standart olaraq söndürməsi təklif edilir. Məqsəd sosial şəbəkələrdən asılılıq riskini azaltmaqdır.


Paralel olaraq, ibtidai sinif şagirdlərinə “Aİ-Seepferdchen” proqramı çərçivəsində süni intellektdən istifadə qaydalarının öyrədilməsi planlaşdırılır. Uşaqlara süni intellekt tərəfindən yaradılan məzmunu tanımaq və onunla bağlı riskləri anlamaq öyrədiləcək.

Məhdudiyyətlərin nə vaxt qüvvəyə minəcəyi isə hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan kiçik uşaqların əsas sosial şəbəkələrdə hesab açmasını qadağan edib. ABŞ-nin Florida ştatında 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qüvvədədir, 14-15 yaşlı yeniyetmələr üçün isə valideyn razılığı tələb olunur.

Filippində də oxşar məhdudiyyətlər müzakirə edilir. Ölkə parlamentinin aşağı palatası 13, Senat isə 18 yaş həddinin tətbiqini təklif edir.