16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video

16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video Dünya

ABŞ-nin Ohayo ştatında polis təsadüf nəticəsində ölkəni sarsıdan dəhşətli ailə zorakılığı faktını üzə çıxarıb.

News24.az xəbər verir ki, Hamden qəsəbəsində eyni ailəyə mənsub 16 uşaq ağır antisanitar şəraitdə, bəziləri əl-qolu bağlı halda yaşayarkən aşkarlanıb.

İstintaqın məlumatına görə, onların ən kiçiyi 18 aylıqdır.

16-sı da 18 yaşdan aşağı olan uşaqlar son dörd il ərzində əsasən cəmi 12 kvadratmetrlik bir otaqda saxlanılıblar.

Otaq insan tullantıları ilə çirklənmiş, ev isə yaşayış üçün təhlükəli vəziyyətdə olub. Şerif Ryan Keyn dəhşətli hadisəni belə şərh edib:

“Hətta təsərrüfat heyvanları belə bundan yaxşı şəraitdə saxlanılır”.

Ən sarsıdıcı məqamlardan biri isə uşaqların inkişaf vəziyyəti olub. Onların bəziləri danışa bilmir, inkişaf geriliyi olan 17 yaşlı qız isə öz adını belə yaza bilmir.

Ətraflı

Yeddi uşaq xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir.

İstintaq müəyyən edib ki, uşaqlar məktəbə göndərilməyib, demək olar ki, heç vaxt evdən çıxmayıblar və uzun illər dövlət qurumlarının diqqətindən kənarda qalıblar.

Qəsəbə sakinlərinin əksəriyyəti həmin evdə bu qədər uşağın yaşadığını belə bilməyib.

Polis evə uşaqlarla bağlı şikayət əsasında deyil, tamamilə başqa cinayət işi üzrə axtarış aparmaq üçün daxil olub. Məhz həmin əməliyyat zamanı 16 uşağın evdə yaşadığı məlum olub.

Faktla bağlı uşaqların valideynləri Qeri və Kristina Siders, həmçinin nənə və babaları saxlanılıb. Onların hər birinə uşaqların həyatını təhlükəyə atmaq maddəsi ilə çoxsaylı ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini açıqlayıblar.

Müstəntiqlər bildirirlər ki, hadisə insan alveri ilə bağlı deyil. İlkin araşdırmalara görə, söhbət uzun illər davam edən ailədaxili zorakılıq, laqeydlik və uşaqların cəmiyyətdən tam təcrid edilməsindən gedir. Hazırda bütün uşaqlar dövlətin himayəsinə götürülüb, onların sağlamlıq və psixoloji vəziyyəti ilə bağlı geniş araşdırma aparılır.