16 yaşlı qız evdən 7 milyon rubl götürüb yoxa çıxdı
Dünya
Rusiyanın Ussuriysk şəhərində 16 yaşlı qız evdən 7 milyon rubl götürərək naməlum istiqamətə gedib. Bir müddət sonra onun yeri müəyyənləşdirilib və yeniyetmə sağ-salamat tapılıb.
News24.az xəbər verir ki, Primorsk diyarı Prokurorluğunun məlumatına görə, sentyabrın 23-də axşam saatlarında qızın anası polisə müraciət edib. O, 16 yaşlı övladının evdən külli miqdarda pul götürərək getdiyini bildirib.
Polis əməkdaşları məktəbli qızı qısa müddət ərzində aşkar ediblər. Lakin 7 milyon rubl artıq onun üzərində olmayıb.
Araşdırma zamanı məlum olub ki, yeniyetmə daha əvvəl dələduzların hədəfinə çevrilib. Fırıldaqçılar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək qızın terrorçuluq işi üzrə şübhəli olduğunu bildiriblər.
Dələduzlar yeniyetməni hədələyərək ondan evdəki pulları götürüb müəyyən yerə aparmasını tələb ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.