16 yaşlı qızı yatağa zəncirləyib döydülər: Valideynlər saxlanıldı

16 yaşlı qızı yatağa zəncirləyib döydülər: Valideynlər saxlanıldı Dünya

Türkiyənin Zonquldak vilayətində 16 yaşlı qızın evdə yatağa zəncirləndiyi aşkarlanıb.

News24.az xəbər verir ki, hadisə Elvanpazarcık qəsəbəsinin Cümhuriyyət məhəlləsində baş verib.

112 Təcili Yardım Mərkəzinə daxil olan məlumatda Sıla T.-nin atası Selahattin T. tərəfindən döyüldüyü və zəncirlə yatağa bağlandığı bildirilib.

Əraziyə polis əməkdaşları gəlib. Onlar evə nənəsi ilə birlikdə daxil olduqları zaman 16 yaşlı qızı qandallanmış və yatağa zəncirlənmiş vəziyyətdə aşkar ediblər.

Hadisə ilə bağlı qızın valideynləri saxlanılıb, dörd bacı-qardaş isə dövlət himayəsinə götürülüb.

Sıla T. və onun üç bacı-qardaşı xəstəxanada tibbi müayinədən keçirilib. Müayinə zamanı dörd uşağın hamısının bədənində döyülmə izləri müəyyən edilib.

Valideynlərin polisə verdiyi ifadələrində qızlarının icazəsiz ticarət mərkəzinə getdiyi, bəzi şəxslərlə görüşdüyü və evdən qaçmağa çalışdığı bildirilib.

Onlar bunun qarşısını almaq məqsədilə qızlarını zəncirləndiyini deyiblər.

İfadələri alındıqdan sonra ana və ata məhkəməyə göndərilib. Jurnalistin “Qızınızı siz zəncirləmisiniz?” sualına ata Selahattin T. “Qızını döyməyən dizini döyər” cavabını verib.

Anası Sevil T. isə eyni suala “Xeyr, amma siz bizi rüsvay edirsiniz” cavabını verib.

Faktla bağlı araşdırmalar davam edir.