160 sərnişinin olduğu təyyarə havada alışdı
Dünya
Rusiyada Novosibirskdən Krasnodara uçan sərnişin təyyarəsi mühərrikin havada alışması səbəbindən geri qayıdıb.
News24.az xəbər verir ki, S7 aviaşirəktinə məxsus təyyarənin göyərtəsində ümumilikdə 160 sərnişin və altı ekipaj üzvü olub.
İnsident haqqında məlumat iyulun 29-u səhər saatlarında yayılıb.
Təyyarə Novosibirskdəki beynəlxalq Tolmaçyovo hava limanına normal qaydada eniş edib.
Bildirilir ki, eniş zamanı xəsarət alan olmayıb.
Prokurorluq geri qayıdan reysin sərnişinlərinin hüquqlarının qorunması və uçuş təhlükəsizliyinin təmin olunması tədbirlərinin yerinə yetirilməsi ilə bağlı yoxlamaya başlayıb.
Hadisənin səbəbləri və şəraiti Rusiya İstintaq Komitəsinin regional nəqliyyat bölməsinin əməkdaşları tərəfindən araşdırılır.
Eləcə də, hava gəmisinin hərəkəti və istismarı qaydalarının pozulması ehtimalı ilə bağlı ilkin istintaq yoxlaması aparılır.
İstintaq Komitəsindən bildiriblər ki, təyyarənin ekipajı mühərrikdəki yanğını öz gücünə söndürüb.