17 avqust 1999-cu il - Faciədən 27 il ötür
Dünya
1999-cu il avqustun 17-də saat 03:02-də Türkiyədə baş verən və 7,4 maqnitudalı olan, 45 saniyə davam edən Mərmərə zəlzələsi Kocaeli, Yalova, Sakarya, İstanbul və Düzcədə böyük dağıntılara səbəb olub.
News24.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin 2010-cu ilin iyulunda hazırladığı, zəlzələ risklərinin araşdırılması və zəlzələlərin idarə olunması üçün görülməli tədbirlərin müəyyənləşdirilməsi məqsədilə yaradılmış komissiyanın hesabatına görə, zəlzələ nəticəsində 17 480 nəfər həyatını itirib, 43 953 nəfər yaralanıb.
Təxminən 200 min insanın evsiz qaldığı zəlzələ zamanı 66 441 yaşayış evi və 10 901 iş yeri dağılıb. Təxminən 16 milyon insan müxtəlif səviyyələrdə zərər çəkib, 285 211 yaşayış evi və 42 902 iş yerində ziyan qeydə alınıb.
Zəlzələ nəticəsində İstanbulda 454 nəfər həyatını itirib. Yalova, Düzcə və Gölcükdən şəhərdəki xəstəxanalara gətirilən yaralılardan sonradan həyatını itirənlər də nəzərə alındıqda, bu rəqəm 981 nəfərə çatıb.
İstanbulda 1880 nəfərin yaralandığı zəlzələ nəticəsində təxminən 41 min yaşayış evi və iş yerinə ziyan dəyib. 18 162 yaşayış evi orta və ağır dərəcəli zədələnmə səbəbindən yaşayış üçün yararsız hala düşüb.
Şəhərdəki 3171 məktəbdən 820-si zərər görüb. Onlardan 118-i orta, 13-ü isə ağır zədələnmiş vəziyyətdə qiymətləndirilib.
İstanbulda təxminən 10 min dövlət binasından 1137-si yüngül, 387-si orta, 37-si isə ağır zərər görüb.
İstanbulda zəlzələdən ən çox zərər çəkən ərazi Avcılar olub. Rayonda 270 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.
Avcılarda 1823 yaşayış evi və 326 iş yeri dağılıb və ya ağır zədələnib. 5106 yaşayış evi və 872 iş yerində orta, 3685 yaşayış evi və 461 iş yerində isə yüngül ziyan qeydə alınıb.