“30 min ölən” iddiası yalandır? İran XİN-dən sərt REAKSİYA

“30 min ölən” iddiası yalandır? İran XİN-dən sərt REAKSİYA Dünya

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai Qərb KİV-lərində İran İslam Respublikasında etirazlar zamanı 30 min nəfərin həlak olması ilə bağlı yayılan məlumatları təkzib edib.

News24.az xəbər verir ki, o, bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.

“Hitler üslubunda böyük yalan. Görəsən, bu, onların İran küçələrində öldürməyi planlaşdırdıqları insanların sayı deyilmi? Amma buna nail ola bilmədilər və indi KİV-lərdə bu cür saxta xəbərlər yaymağa çalışırlar. Doğrudan da şeytanidir!” — deyə İran XİN nümayəndəsi yazıb.

Qeyd edək ki, ötən gün ABŞ-nin “Time” jurnalı İran Səhiyyə Nazirliyinin yüksək vəzifəli rəsmilərinə istinadən ölkədə 8 və 9 yanvar tarixlərində baş verən kütləvi etirazlar zamanı ölənlərin sayının 30 min nəfərə çata biləcəyini yazıb.

Nəşrin iddiasına görə, etirazlar zamanı o qədər çox insan həlak olub ki, təcili xidmətlərdə cəsədlər üçün kisələr çatmayıb. “Time” həmçinin bildirib ki, təcili tibbi yardım maşınları əvəzinə qoşqulu traktorlar istifadə olunub.

23 yanvar tarixində İranın xarici işlər naziri Abbas Əraqçi isə bəyan edib ki, İslam Respublikasında baş verən iğtişaşlar nəticəsində 3 mindən çox insan həlak olub.