İran cəsədləri Ukraynaya təhvil verməyə hazırdır
    • 17-01-2020, 00:49
    • 895

İran cəsədləri Ukraynaya təhvil verməyə hazırdır

İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Ukraynanın xarici işlər naziri Vadim Pristayko arasında telefon danışığı baş tutub.


News24.az xəbər verir ki, bu barədə İran XİN-nin rəsmi “Telegram” kanalında məlumat yerləşdirilib.


Qeyd olunub ki, rəsmi Tehran təyyarə qəzasında həlak olan Ukrayna vətəndaşlarının cəsədlərini Kiyevə təhvil verməyə hazırdır. Zərif bildirib ki, İran həmçinin qara qutunun oxunmasında ukraynalı mütəxəssislərin köməyini də qəbul edəcək .


Vadim Pristayko isə, öz növbəsində, əməkdaşlığa və Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyünə görə İrana təşəkkür edib.


Qeyd edək ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.


Qəza nəticəsində təyyarədə olan İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin və 9 heyət üzvü həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.