Türkiyənin Müdafiə nazirinə HÜCUM ETDİLƏR
    • 10-02-2020, 18:10
    • 1 079

Türkiyənin Müdafiə nazirinə HÜCUM ETDİLƏR

Yunanıstanın Egey və Aralıq dənizindəki birtərəfli planlarını tənqid edən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar yunan mətbuatının hədəfinə çevrilib.

Yunan adalarının qanunsuz silahlandırılmasına etiraz olaraq “bu addımlara icazə verməyəcəyik” deyən naziri həddini aşmaqda, Afinanın milli suverenliyini mühakimə etməkdə ittiham edirlər.

Yunanıstan Dövlət Agentliyi başda olmaqla, “Proto Thema”, “Vima”, “Kathimerini” kimi qəzetlər “Türk nazirdən təhrikedici açıqlamalar. Yunanıstanın sahibi olduğu adaları sahibi bəlli deyilmiş kimi göstərməyə çalışan Hulusi Akar ölkəmizin qanunsuz silahlandırılma apardığını iddia edəcək qədər irəli gedib” kimi iddialar dərc edib.

Qeyd edək ki, nazir məsələ ilə bağlı “Hürriyət”ə açıqlamasında bu sözlərə yer vermişdi: “23 adanın 16-sı razılaşmalara zidd olaraq 1936-cı ildən bəri silahlandırılır. Dünyanın heç bir yerində görülmədiyi formada quru suları sərhədi 6 mil olmasına rəğmən, hava məkanının 10 mil olduğunu iddia edirlər. Bu məntiqəuyğun deyil. Kiprdə, Şərqi Aralıq dənizində və Egeydə haqlarımızın qəsb edilməsinə göz yummayacağıq. Hər hansı formada haqlarımıza qarşı qərar verilməsinə icazə verməyəcəyik”. /Publika.az/