5 milyonluq hiperkarı LEGO-dan yığdılar – FOTOLAR
Dünya
LEGO şirkəti İsveçin məşhur avtomobil istehsalçısı “Koenigsegg” ilə birlikdə 1625 at gücünə malik “Sadair's Spear” hiperkarının tamölçülü işlək surətini hazırlayıb.
News24.az xəbər verir ki, avtomobil Böyük Britaniyada keçirilən məşhur “Goodwood Festival of Speed” tədbirində nümayiş etdirilib. Sükan arxasına “Koenigsegg”in rəsmi sınaq pilotu Markus Lund əyləşib. O, LEGO-dan hazırlanan avtomobillər arasında yeni sürət rekordu müəyyən edərək saatda 111 kilometr sürətə çatıb. Bu göstərici əvvəlki rekorddan iki dəfədən çox yüksəkdir.
Model 327 906 LEGO detalından yığılıb və təxminən 1800 kiloqram çəkir. Bu isə əsl “Sadair's Spear” hiperkarından 415 kiloqram çoxdur. Avtomobilin layihələndirilməsi və yığılması üçün 9400 saatdan artıq vaxt sərf olunub.
Modelin maraqlı xüsusiyyətlərindən biri “Ghost Mode” rejimidir. Bir düyməyə basmaqla həm qapılar, həm də ön kapot eyni vaxtda açılır.
Bununla yanaşı, LEGO yeni “Lego Technic Koenigsegg Sadair's Spear” dəstini də təqdim edib. 1:8 miqyaslı model 4104 detaldan ibarətdir və funksional 9-pilləli transmissiya, V8 mühərrik maketi və “Ghost Mode” sistemi ilə təchiz olunub. Dəst iyulun 4-dən Avropada 449,99 avro qiymətinə satışa çıxarılacaq.
Sonda qeyd edək ki, LEGO ötən il 9023 detalı olan və şirkətin indiyədək hazırladığı ən böyük “Star Wars Death Star” konstruktiv dəstini də təqdim edib.