“Meliyanın həbsi İvanişvili komandasının hakimiyyətdən getməsinin işartısıdır” - NATİQ MİRİ

“Meliyanın həbsi İvanişvili komandasının hakimiyyətdən getməsinin işartısıdır” - NATİQ MİRİ
Dünya / SİYASƏT

23 fevral 2021, 19:23

Mətn ölçüsü

“Gürcüstanda proseslər ölkədə keçirilən parlament seçkilərindən sonra intensivləşməyə başladı. Çünki müxalifət parlament seçkilərinin nəticələrini qəbul etmədi. Bu prosesin içərisində seçki saxtakarlığından tutmuş insanları maliyyə ilə ələ almağa qədər müxtəlif yöndə qanun pozuntuları həqiqətən mövcud idi”. 

Bu sözləri politoloq Natiq Miri News24.az-a Gürcüstanda baş verən son hadisələri şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanda xalq Bidzina İvanişvili hakimiyyətindən doymuş vəziyyətdədir: “Seçkiləri yüksək faizlə  qazanmaq yalnız total saxtakarlıq etməklə mümkün idi. Müxalifətin ciddi nəticə əldə edə bilməməsinin səbəblərindən biri odur ki, onların əsas partiyaları böyük rüşvət müqabilində parçalandı. Müxalifət isə tam halda seçkiyə gedə bilmədi. Ancaq buna baxmayaraq, İvanaşvilinin təsiri altında olan hakimiyyətindən rüşvət alan və almayan bütün müxalif qüvvələr öz sifətlərini qorumaq üçün seçkinin nəticələrini tanımadılar. Həmin tarixdən bu günə qədər müxtəlif etiraz aksiyaları keçirilir. Bu siyasi böhranın uzunmüddətli olacağını düşünmürəm. Çünki Gürcüstanın daxili auditoriyasında və beynəlxalq səviyyədə hakimiyyətin legitimliyi məsələsi sual olaraq qalmaqda davam edir. Bundan əlavə, ABŞ-da Co Bayden prezident seçilməsi İvanaşvilini müəyyən mənada qorxuya saldı. Çünki demokratlar bir çox ölkələrdə rəngli inqilablar vasitəsilə Qərbə yaxın simaları hakimiyyətə gətirirlər. Bu isə bilavasitə   ABŞ-ın geosiyasi maraqları ilə əlaqəlidir. Gürcüstan rəhbərliyi də bu mesajı aldı və İvanişvili siyasətdən getdiyini bəyan etdi. O, öz xoşu ilə siyasətdən gedəcək bir fiqur deyil. Sonrakı mərhələlərdə potensialının olmadığını anlayaraq, öz yerini və maliyyəsini təmin etmək üçün siyasətdən uzaqlaşdığını bildirdi”.

Natiq Mirinin fikrincə, baş verən hadisələr, eyni zamanda, əsas ana müxalifətin başında duran Meliyanın həbs olunması bilavasitə İvanİşvili hakimiyyətinin cəmiyyətə verdiyi növbəti bir mesaj idi: “Guya hakimiyyət hələ də güclü və iddialı olaraq qalmaqda davam edir. Ancaq mənə elə gəlir ki, bu, heç də belə deyil. Meliyanın həbs edilməsi İvanişvili və onun komandasının tədricən hakimiyyətdən getməsinin işartısıdır. Bu proses artan templə inkişaf edəcək. İvanişvilinin kölgəsi olan bir hakimiyyətin bundan sonra uzun müddət qalma ehtimalını görmürəm. Artıq hakimiyyət içərisində də müəyyən ideoloji parçalanmalar baş verir”.

Məhərrəm ƏLİYEV