Ermənistanda nə baş verir? – QISA İCMAL

Ermənistanda nə baş verir? – QISA İCMAL
Dünya / SİYASƏT

25 fevral 2021, 18:24

Mətn ölçüsü

Ermənistanda vəziyyət yenidən gərginləşib. Baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisinin birinci müavinini işdən çıxarması orduda böyük narazılığa səbəb olub. 20-yə yaxın general bəyanat yayaraq Paşinyanın istefasını tələb ediblər.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefası ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, baş nazirin Baş Qərargah rəisinin birinci müavinini işdən çıxarması səbatsız və əsassız qərardır. 19 general, 20 polkovnik və 1 polkovnik-leytenantın imzaladığı bəyanatda Paşinyanın adekvat qərarlar qəbul etmək iqtidarında olmadığı vurğulanır. Generallar baş nazirin dərhal istefa verməsini tələb ediblər. 

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib. Paşinyan bu barədə Feysbuk səhifəsindəki canlı yayım zamanı deyib.

Paşinyan tərəfdarlarını Respublika meydanına toplayıb. Burada çıxış edən Paşinyan ordunun xalq və baş nazirə tabe olduğunu bildirib. Erməni baş nazir çevriliş cəhdinin idarəolunan olduğunu deyib: “Hesab edirəm ki, bu, emosinonal reaksiyadır. Qardaşlarımıza sərt münasibət göstərməməliyik”, - deyə Paşinyan vurğulayıb. 

Paşinyanın qatıldığı yürüşdə izdiham yaşanması diqqəti cəlb edib...
Hakim partiyanın parlament fraksiyası – “Mənim Addımım” Blokunun deputatları Paşinyanı dəstəkləyəcəklərini bildiriblər. Onlar Baş Qərargahın bəyanatını “hərbi çevrilişə cəhd “adlandırıblar.

Müxalif Çiçəklənən Ermənistan Partiyası Paşinyanı ölkədə vətəndaş müharibəsi yaratmamağa çağırıb. Bununla bərabər, polis və Milli Təhlükəsizlik Xidmətinə Paşinyanın əmrlərinə tabe olmamaq çağırışı edilib.

“İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan da ordunu müdafiə edib. O, Baş Qərargahın bəyanatını çevriliş cəhdi saymadığını, bəyanatında dövlət təhlükəsizliyi və konstitusiyaya zidd heç bir şeyin olmadığını bildirib.

Sabiq prezident Robert Köçəryan da erməniləri ordunun yanında durmağa çağırıb. Digər sabiq prezident Levon Ter-Petrosyan isə müxalifət və iqtidarı vətəndaş müharibəsi imkanlarını istisna etməyə çağırıb. O, vətəndaş müharibəsinin Azərbaycan və Türkiyənin arzusunu reallaşdırmaq olacağını bildirib. Petrosyan, həmçinin bunun erməni millətinin sonunun başlanğıcı olacağını deyib.

Müxalif Vətənin Xilası Hərəkatının tərəfdarları isə Azadlıq meydanına toplaşıblar. Burada hakimiyyət və müxalifət tərəfdarları arasında qarşıdurma yaşanıb. Polis çətinliklə də olsa,  toqquşmaların qarşısını ala bilib. Vəziyyət hazırda gərgin olaraq qalır. Artıq xarici ölkələr də Ermənistandakı vəziyyətə reaksiya veriblər.  

"Ermənistanda hərbi qiyama cəhdi şiddətlə qınayırıq". Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Hərbi qiyama cəhd ölkədə sabitliyi pozan amillərdir. Türkiyənin bu mövqeyi prinsip məsələsidir. Hərbi qiyama qarşıyıq” - deyə Çavuşoğlu vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Kreml Ermənistandakı situasiyanı narahatlıqla izləyir. O, Ermənistanda baş verənlərin ölkənin daxili işi olduğunu bildirib. Peskov, həmçinin rəsmi İrəvanla Moskva arasında hələlik situasiya ilə bağlı heç bir kontaktın olmadığını, amma ehtiyac yaranacağı təqdirdə bunun operativ şəkildə təşkil ediləcəyini söyləyib.