Ermənistanda gərginlik pik həddə: HƏR AN MÜHARİBƏ BAŞLAYA BİLƏR

Ermənistanda gərginlik pik həddə: HƏR AN MÜHARİBƏ BAŞLAYA BİLƏR
Dünya / SİYASƏT

28 fevral 2021, 14:02

Mətn ölçüsü

Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Ermənistanda yaranan siyasi qarşıdurma pik həddinə çatıb. Ordunun siyasi proseslərə qarışmasından sonra İrəvanda vətəndaş müharibəsinin baş verməsi an məsələsidir. 
 
News24.az xəbər verir ki, dünən Ermənistan prezidenti Armen Sərkisyan baş nazir Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı təqdim etdiyi fərman layihəsini geri qaytarıb.
 
Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, fevralın 25-də təqdim olunan layihə ilə əlaqədar prezident hakimiyyət, parlament və parlamentdənkənar siyasi qüvvələr, həmçinin Silahlı Qüvvələrin ali komanda heyəti ilə məsləhətləşmələr aparıb. Həmçinin hüquqşünas və ekspertlərlə müzakirə olunan sənəd Konstitusiyaya zidd hesab edilib. 
 
Baş nazir Nikol Paşinyan isə Onik Qasparyanın işdən çıxarılması ilə bağlı təqdimatı yenidən prezidentə göndərib. 
"Prezidentin fərman layihəsini geri qaytarması yaranmış vəziyyətin həlli deyil. Mən müəyyən olunmuş qaydada fərman layihəsini yenidən prezidentə göndərir və onun imzalanacağını gözləyirəm", - deyə Paşinyan vurğulayıb. 
 
Ermənistanın baş naziri sabah saat 18.30-da tərəfdarlarını yenidən Respublika meydanında toplaşmağa çağırıb. 
 
Qeyd edək ki, sabah saat 16.00-da müxalif  Vətənin Xilası Naminə hərəkat da Baqramyan prospektində mitinq təyin edib. 
 
Erməni politoloq Stepan Danielyan bildirib ki, Paşinyan istefa verməyəcəyi təqdirdə hakim "Mənim addımım" blokunun 20-30 deputatı istefa verə bilər. Onun fikrincə, hakim partiya parlament çoxluğundan məhrum olarsa, Paşinyan hökuməti daxilində böhran yaranacaq. Bu baş verməyəcəyi halda isə müzalif "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyanın deputatları mandatlarından imtina edə bilərlər. Danielyan bildirib ki, bu halda ölkədə parlament böhranı yaranacaq və prezident Armen Sərkisyan artıq əsas söz sahibi kimi vəziyyətdən çıxış yolu təklif edə bilər.

Siyasət şöbəsi